Qaradağ rayonunda “Gənclər evi” istifadəyə verildi

Qaradağ rayonunda “Gənclər evi” istifadəyə verildi

Bu gün Qaradağ rayonunun Sahil qəsəbəsində Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa olunmuş "Gənclər evi" istifadəyə verilib. SİA-nın məlumatına görə, "Gənclər evi"nin açılış mərasimində gənclər və idman nazirinin müavini İntiqam Babayev, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, millət vəkilləri Şahin İsmayılov, Aydın Hüseynov və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasimdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ölkəmizdə həyata keçirilən gənclər siyasətindən danışıb. O, Azərbaycanda dövlətin gənclərə xüsusi diqqət və qayğı göstərdiyini qeyd edib. S.Mikayılov "Gənclər evi"nin Qaradağ gənclərinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün inşa olunduğunu bildirib. O, Qaradağ rayonunda "Gənclər evi"ndən başqa, idman zalları, bağçalar, mərkəzlər və digər obyektlər tikilib istifadəyə verildiyini bildirib. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə təbrik edib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev "Gənclər evi"nin istifadəyə verilməsinin Qaradağ gənclərinin bir araya gəlməsi, birgə müxtəlif layihələrin həyata keçirilməsi, gənclərin inkişafı naminə fikir mübadiləsi aparılması, asudə vaxtın səmərəli keçirilməsi üçün önəmli olduğunu deyib. O, ölkədə mövcud olan "Gənclər evləri"nin şəbəkəsinin genişlənməkdə olduğunu qeyd edib. Nazir müavini Qaradağ "Gənclər evi"nin sayca 34-cü belə müəssisə olduğunu və bundan sonra növbəti illərdə də yeni belə obyektlərin tikilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

İ. Babayev ölkəmizdə gənclər siyasətinin uğurla inkişaf etməkdə olduğunu qeyd edib. O bildirib ki, Azərbaycanda gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərindəndir.

Daha sonra çıxış edənlər ölkəmizdə uğurla aparılan gənclər siyasətindən, Azərbaycan gəncliyinin inkişafından söz açıblar.

Mərkəzin açılışını bildirən rəmzi qırmızı lent kəsilib.

Nəzərinizə çatdıraq ki, 2013-cü ildə tikintisinə başlanılmış Qaradağ "Gənclər evi" 3 mərtəbə və zirzəmidən ibarətdir. Mərkəzin zirzəmisində xalçaçılıq və toxuculuq dərnəyi, kompüter qrafikası, texniki otaqlar və s. yaradılıb.

"Gənclər evi"nin 1-ci mərtəbəsində Gənclər və İdman İdarəsinin inzibati iş otaqları, gənclərin intellektual klubu, sərgi salonu, Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin şəkillərindən ibarət foto guşə yerləşir.

Mərkəzin 2-ci mərtəbəsinə internet, texnika və ixtiraçılar, vətənpərvərlik klubları, karyera mərkəzi, istedadların hazırlığı laboratoriyası, şahmat və musiqi dərnəyi daxildir.

3-cü mərtəbədə isə video studiya, gənclər üçün qaynar xətt xidməti, "Gənclər evi" müdriyyətinin inzibatı otaqları və s. yerləşir.

Qeyd edək ki, mərkəzin inşası 2015-ci ilin may ayında başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə