Son aylar Nəsimi rayonunda geniş miqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işlərinə başlanılıb. Rayonunun Səməd Vurğun küçəsindəki, 20 yanvar küçəsində Xüsusi Dövlət Mühafizə Xidmətinin 9 mərtəbəli, Moskva prospekti 16 mərtəbəli yaşayış binalarının fasadları əsaslı təmir edilib. Bütün görülmüş işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılıb.
Rayonun A.Məhərrəmov, Cavadxan və M.Kazımovski küçələrindəki yaşayış binalarının həyətlərindəki özbaşına hasarlar sökülüb, ərazidə təmizlik işləri aparılıb, mövcud ağaclar budanıb, səliqə-səhman yaradılıb.
Həmçinin H.Seyidzadə küçəsindəki 6 yaşayış binasının yararsız və səliqəsiz həyəti təmizlənərək "Abad həyət" layihəsinə əsaslanaraq abadlaşdırılıb.
M.Kazımovski, 20 yanvar küçələri və Moskva prospekti boyunca yolun kənarında yeni qazon örtüyü salınıb, yaşıllaşdırma işləri aparılıb, yeni yaşıllıq zolaqları salınıb, gül-çiçək kolları əkilib.
Rayonun Mir Cəlal küçəsində 1964-1967-ci illərdə tikilmiş binaların qarşısında yerləşən yararsız halda 3 ha sahədən ibarət park son 2 ay ərzində əsaslı təmir olunub. Parkın ətrafında yerləşən 22 binanın fasadı təmir olunub, ətrafında abadlıq işləri aparılıb. Binaların 126 eyvanı əsaslı yenidən qurulub, 74 eyvan isə təmir edilərək sakinlərin istifadəsinə verilib.
Binaların pəncərələri, giriş qapıları yenisi ilə əvəz olunub, yağış sularının axıtma sistemi (navalçalar, borular) yenisi ilə əvəz olunaraq, binanın yan fasad hissələri nəmişliyin qarşısının alınması məqsədilə yağış sularından qorunan İtaliya istehsalı olan betopan üzlükdən üzlənib. Ümumilikdə 70.000 kv.m-dən çox fasad sahəsi rənglənib.
Bu ərazidə 4 park yenidən əsaslı təmir olunub.
Mir Cəlal küçəsi boyunca parkların yararsız vəziyyətə düşmüş ərazisi tam təmizlənərək torpaq təbəqəsi yenilənib, yaşıllıq zonası salınıb. Belə ki, 17000 kv.m qazon, 2500 gül kolu əkilib. Yaşıllıqların qorunub saxlanılması üçün suvarma sistemi çəkilib. Parkın ərazisinə İtaliya istehsalı olan 2600 kv.m döşəmə daşı, 5000 kv.m metlax-kafel, 2200 kv.m aqlay döşənib. Parkda fəvvarələr quraşdırılıb, yeni yaşıl örtüklü 33x16,5m ölçüdə stadion salınıb. Stadionda axşam oyunlarının da keçirilməsi üçün xüsusi işıqlandırma sistemi quraşdırılıb. Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi, istirahətləri üçün Türkiyə istehsalı olan 9 seyrangah, 60 ədəd skamya oturacaqları quraşdırılıb. Hər iki parkda sakinlərin idmanla məşğul olmaları üçün Türkiyə istehsalı olan idman qurğuları, azyaşlı uşaqlar üçün xüsusi əyləncə avadanlıqlarından ibarət meydançalar salınıb. Uşaqların təhlükəsizliyinin təmin edilməsi üçün 600 kv.m uşaq meydançaları yumşaq materiallarla döşənib. 10000 kv.m sahəyə asfalt döşənib. Parkın ərazisi gecə işıqlandırması ilə təmin edilib. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün 2 ictimai iaşə obyekti tikilib.
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə Mir Cəlal küçəsindəki Parkda quraşdırılmış Yeni il yolkasının ətrafında populyar incəsənət ustalarının və rayonun musiqi məktəblərinin şagirdlərinin iştirakı ilə konsert təşkil olunub.
Bayram tədbirində iştirak edən sakinlər yeni istifadəyə verilən parkda yaradılan şəraitə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB