Bank Respublikanın rişxənd labirintlərində

Bank Respublikanın rişxənd labirintlərində

Bakı şəhəri Xaqani küçəsi 14/16 ünvanında yerləşən Bank Respublikanın Mərkəzi Filialına daxil olub, ünvanıma köçürülmüş 400 manat pulu almaq üçün şəxsiyyət vəsiqəmi və VÖEN-imi təqdim etdim. Şöbədə işləyən xanım zənnlə mənə baxıb müsabiqəni elan edən Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondundan əlavə iki sənəd də təqdim etməyimi tələb etdi. Redaksiyaya qayıdıb fonda zəng edib bankın təklifini bildirdim. Fond əməkdaşları heç bir əlavə sənəd verməyə borclu olmadıqlarını bildirdilər və dedilər ki, pulu almaq üçün şəxsiyyət vəsiqəsi kifayətdir.

Qalmışdım iki yol ayrıcında. Çünki bank əməkdaşı da, fond işçisi də məni qınayırdı. Qalmışdım ortalıqda. Nəhayət, bank əməkdaşı olan xanım dedi ki, qoy fonddan yazılı arayış versinlər ki, sən bu pulu necə qazanmısan? Onun dediyinə görə bunu yuxarı təşkilatlar soruşur. Redaksiyaya qayıdıb fondun mənə təqdim etdiyi xüsusi diplomu aparıb xanıma təqdim etdim. O, hansı formadasa bu möhkəm predmetin surətini çıxarıb "rəisinə" göndərdi. İki saatdan sonra isə dedi ki, bu sənəd onları qane etmədi.

Səhər saat 11.30 radələrindən bankda avara-gir olmuşdum. Bir daha KİVDF-yə zəng etməli oldum. Artıq onlar da vəziyyətin ciddi olduğuna inanmışdılar. Jurnalist həmkarlarımın hamısı bu və ya digər banklardan pulları maneəsiz almışdılar. Bu yeganə bank idi ki, burada şəxsiyyət vəsiqəsi və VÖEN lüzumsuz hesab edilirdi.

KİVDF əməkdaşları mənə kömək etmək üçün jurnalist müsabiqəsində qalib gəlmiş 173 jurnalistin hamısının siyahısını göndərdilər. Dövlət bankında qeydə alınmış siyahıya gözucu baxan xanım:

- Bura möhur vurulmayıb - dedi.

Mənim:

- Ay xanım, görmürsünüz? Əlinizdəki üstü ştamplı blankdır. - sözümə o, heç məhəl də qoymadı. Çünki o telefondakı həmkarına öz həqiqətlərini yedirtməkdə idi.

Sonra mənə baxıb:

- Otur gözlə, görək nə deyəcəklər? - dedi.

- Hara göndəribsiniz? - sualıma küncdə oturan xanım ağıcuzu:

- Prezident aparatının bir şöbəsi sənin şəxsiyyətinlə maraqlanır - dedi.

Xülasə, saat 6-nın yarısınadək siyahı saf-çürük edildi. Bu bank rəsmi idarədən çox Cəlil Məmmədquluzadınin "Dəli yığıncağı" tamaşasını xatırladırdı. Mən 6 saat bu xanımların rişxənd hədəfinə çevrilmişdim. Axırda müdir Kərimzadə Ziyad Sənan oğluna yaxınlaşıb etirazımı bildirdim. O isə:

- Görək rəis nə deyəcək? - deyib köks ötürdü.

Mənə ancaq 6 saatdan sonra pulumu götürməyə icazə verdilər.

Bizdə adamlara bu cür yanaşan, onları rişxənd labirinlərinin dolanbaclarında çaş-baş salan bank əməkdaşları da var. Ar olsun belələrinə.

Valeh Məhərrəmli

Bütün xəbərlər Facebook səhifəmizdə