Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyinin (İS-TAD) təşkilatçılığı ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı tədbir keçirilib.Diasporla İş üzrə Dövlət KomitəsindəN SİA-ya verilən xəbərə görə, əvvəlcə tədbirdə Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndirilib, təşkilatın fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan İS-TAD rəhbəri Səfər Qaraqoyunlu tədbir iştirakçılarını salamlayaraq dünya azərbaycanlılarını təbrik edib. S.Qaraqoyunlu bu günün tarixindən söz açaraq dekabrın 31-ni ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi elan edildiyini diqqətə çatdırıb.
S.Qaraqoyunlu və digər çıxış edənlər Həmrəylik Gününün azərbaycan diasporunun formalaşmasında dönüş nöqtəsi olduğunu, onların arasında birlik və həmrəylik əlaqələrinin gücləndirilməsi, yaşadıqları ölkələrin yerli cəmiyyətinə inteqrasiyası, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından vacibliyini qeyd ediblər.
Daha sonra Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrə toxunan S. Qaraqoyunlu bu əlaqələrin dərin tarixi köklərə malik olduğunu, iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin bu gün olduğu kimi gələcəkdə də davam etdiriləcəyini qeyd edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan S. Qaraqoyunlu Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməməsinin bölgədə sülhün təmin olunmasına böyük maneə yaratdığını bildirib.
Tədbirdə Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun nümayəndəsi Kənan Murtuzov, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, CHP millət vəkili Barış Yarkadaş, MHP millət vəkili Arzu Erdem, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, Türkiyənin müxtəlif ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı gənclər və burada yaşayan soydaşlarımız, yerli ictimaiyyət və KİV nümayəndələri, Türkiyədən olan millət vəkilləri, siyasi partiyalarin təmsilçiləri, və digər qonaqlar çıxış ediblər.
Tədbir Azərbaycandan dəvət olunan və Türkiyədə fəaliyyət göstərən incəsənət ustalarının, rəqs kollektivlərinin iştirakı ilə konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB