Fuad Muradov: "Əmək Məcəlləsinə ciddi riayət edilmir"

Fuad Muradov: "Əmək Məcəlləsinə ciddi riayət edilmir"

Milli Məclisin payız sessiyasının bu gün keçirilən son iclasında Əmək Məcəlləsinə dəyişikliklə bağlı müzkakirələr aparılıb. SİA-nın məlumatına görə, müzakirələrdə iştirak edən Parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, bəzi dövlət qurumlarında Əmək Məcəlləsinə ciddi riayət edilmir: "Bu yaxınlarda bir neçə böyük dövlət qurumları, o cümlədən "Azəriqaz" Açıq Səhmdar Cəmiyyətində müəyyən ixtisarlar baş verir. Təbii ki, biz bunu başa düşürük, müəyyən optimallaşma var. Amma bunun adını qoyurlar ki, guya atestasiya keçirilir, iş həcmi azalır, insanların müəyyən problemləri olur və bu baxımdan optimallaşdıraraq yeni iş yerləri açılmır, əksinə, olan iş yerləri də bağlanır. Təbii ki, müəyyən iqtisadi qanunlar var və proses buna uyğun keçirilir. Səbail rayonunda çilingər vəzifəsində işləyən şəxs həmin Cəmiyyətin üzvü olaraq attestasiyadan keçirilir və deyilir ki, neçə il bundan öncə işləmisiniz və artıq bu işə uyğun deyilsiniz. Axı çilingərin təkmilləşdirməyə bu qədər ehtiyacı yoxdur".

Deputat təklif edib ki, müvafiq dövlət qurumları Əmək Məcəlləsinin ciddi şəkildə pozulmasına diqqət yetirsinlər: "Belə bir zamanda əksinə, orta təbəqəyə daha çox dəstək olmalıyıq. Çalışdım ki, məsələni bura çıxarmayaraq diplomatik vasitəsilərlə həllində nəticəyə gəlim. Nəyə görə çilingər vəzifəsində olan, çox da yüksək maaş almayan bir şəxs attestasiyadan keçirilərək işdən çıxarılsın? Bir çox dövlət qurumunda belə problemlər baş verir. Ona görə yaxşı olardı ki, Əmək Məcəlləsinə riayət edilməsinə çox ciddi nəzarət edilsin. Ona görə indiki məqamda bu insanlara qarşı daha diqqətli olmalıyıq. Dövlət qurumları, xüsusilə çoxlu fəhləsi olan qurumlar, bu məsələlərə çox böyük diqqətlə yanaşsınlar. Biz bu gün hamımız çalışmalıyıq ki, fəhlə sinfi iqtisadi böhran keçirməsin".

Bütün xəbərlər Facebook səhifəmizdə