Azərbaycan xalqı bineyi-qədimdən vətənsevər, torpağa ruhən və cismən bağlı olub. Qürbətdə yaşamaq həmişə bizlərə sıxıntı gətirib. Daim qəriblikdən qurtarmağa, el-obamıza dönməyə can atmışıq. Vətəndən kənarda yaşamaq məcburiyyətində qalan şair və yazıçıların, elm və qələm sahiblərinin ən yaxşı əsərləri məhz vətən sevgisinə-Azərbaycan torpağına həsr olunub.
Doğma Azərbaycanımızı həmişə özümüzə yurd, yuva və ana bilmişik. Azərbaycan torpağına bağlanaraq daim bundan güc və qüvvət almışıq. Harada olmağımızdan asılı olmayaraq qəlbimiz Azərbaycan atəşi ilə alovlanmışdır.
Xalq şairi Səməd Vurğunun "Azərbaycan" şerindəki hikmətli misraları insanı daim milli ruhda yaşatmağa vadar etməyə bilməz:
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana,
Hanki səmtə, hanki yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından az sonra dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsi hərəkatının memarı məhz ulu öndər Heydər Əliyev oldu. Ulu öndər xalqımızın müxtəlif vaxtlarda dünyaya səpələnmiş nümayəndələrinin həyatına, məişətinə, onların bir mütəşəkkil diaspor kimi fəaliyyət göstərməsinə böyük diqqət və qayğı göstərirdi.
Azərbaycanın ən gərgin və təlatümlü dövründə Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən 1991-ci il dekabrın 16-da "31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü" elan etdi. Girişdən və 6 maddədən ibarət olan həmin sənəddə xalqımızın keçdiyi tarixi yol, çar Rusiyası və sovet recimi dövründə qarşılaşdığı faciələr, məruz qaldığı təqiblər və soyqırımlar məharətlə ümumiləşdirilib. Ulu öndər bildirir ki, belə bir qərarın qəbul edilməsi azərbaycanlıların uzun ayrılıqdan sonra birləşməsi yolunda ilk addımlardır.
Ulu öndər öz çıxışlarında vurğulamışdır ki, müstəqil Azərbaycan dövləti dünyanın hər yerində yaşayan soydaşlarımız üçün ideya qaynağı olmalıdır. Dövlətimizin əsas ideyası Azərbaycançılıqdır. "Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir. Azərbaycançılığı, Azərbaycan dilini, mədəniyyətini və milli-mənəvi dəyərlərini yaşatmaq bizim müqəddəs vəzifəmiz olmalıdır. Hər bir azərbaycanlı öz Vətəni, milləti, xalqı üçün, müstəqil Azərbaycan üçün iş görməlidir, Azərbaycançılığı daha yüksəkliklərə qaldırmalıdır".
Xalqımızın böyük oğlu xaricdə yaşayan soydaşlarımıza həmrəy olmağı, bizim milli adət-ənənlərimizi, milli dəyərlərimizi qorumağı, bütün milli bayramlarımızı təntənə ilə qeyd etməyi tövsiyyə edirdi.
Ulu öndərin vaxtından Azərbaycanda milli dövlətçilik ənənələrinin bərqərar olması, daxili və xarici siyasətdə uğurlar əldə edilməsi dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin formalaşdırılmasına geniş imkanlar yaratmışdır.
Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə Azərbaycanın möhkəmləndirilməsi sahəsində genişmiqyaslı işlər görüldü. Ulu öndər deyirdi ki, Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının vətənidir, onların harada yaşamasından asılı olmayaraq, daim öz vətənləri ilə sıx əlaqə saxlaması, Azərbaycançılıq qayəsi ilə yaşamaları olduqca vacibdir.
Azərbaycançılıq ideologiyasını dövlət siyasəti səviyyəsinə qaldırmağı qarşıya məqsəd qoyan Heydər Əliyev Azərbaycan diasporunun təşkilatlanmasına və həmrəyliyinə xüsusi diqqət yetirdi. Eyni zamanda dövlət quruculuğunda diaspor gücündən səmərəli istifadə etməyi mühüm vəzifə kimi qarşıya qoydu.
Diaspor qədim yunan sözü olub "səpələnmə" deməkdir. Azərbaycan diasporunun tarixi çox uzaq keçmişə gedib çıxır. Lakin Azərbaycan diasporunun əsl fəaliyyəti, mütəşəkkil birliyi və həmrəyliyi Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra möhkəmlənməyə başladı. 1993-cü ilin sonundan həmrəylik günü Azərbaycanda geniş şəkildə qeyd olunmağa başladı. Bu, milli şüurun özünütəsdiqində böyük rol oynadı.
Heydər Əliyev xarici ölkələrə çoxsaylı səfərləri zamanı Azərbaycan diasporu nümayəndələri ilə görüşür, problemləri ilə maraqlanır, onlara köməklik göstərirdi. Xalqımızın böyük oğlu deyirdi ki, "Vətəndən kənarda yaşayan soydaşlarımızın ürəkləri gərək daim Azərbaycanın nəbzi ilə vursun". Heydər Əliyev İsveçrədə və Belçikada yaşayan soydaşlarımızla görüşü zamanı qarşıya belə bir vəzifə qoymuşdu: xarici ölkələrdəki Azərbaycan diasporunun fəaliyyətini gücləndirmək üçün bizim səfirliklər geniş iş aparmalıdırlar. Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan Prezidentinin 28 dekabr 1996-cı il tarixli müraciətində bildirirdi ki, Azərbaycan bütün dünya azərbaycanlılarının tarixi Vətəni, doğma ata-baba ocağıdır. Güvənliyimizi daim yaşatmaq, dövlət müstəqilliyini əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq bu gün hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur.
Milli həmrəyliyi və təəssübkeşliyi dövlətçiliyin sosial sərvəti hesab edən ulu öndər demişdir: "Mən çalışıram ki, bütün çıxış və müraciətlərimdə dünyanın bütün guşələrində-Avropada, Asiyada, Amerikada, eləcə də digər bölgələrdə yaşayan azərbaycanlılarda Azərbaycan dövləti haqqında rəy formalaşdıram. İstəyirəm ki, onlar Azərbaycana öz doğma vətənləri kimi baxsınlar".
Heydər Əliyev xaricdəki soydaşlarımızla görüşlərində sayca az olan erməni diasporunun və lobbisinin dünyanın bütün ölkələrində Azərbaycana və bütün türk dünyasına qarşı daim mübarizə apardığını nəzərə çatdırır, onların çirkin anti-Azərbaycan təbliğatını ifşa etməyi qarşıya qoyurdu. Ümummilli lider 1997-ci ildə Alma-Atada soydaşlarmız qarşısında bu məsələdən bəhs edərək göstərmişdi ki, bizimlə qonşu olan və bizə düşmənçilik edən ermənilər bir-birilə çox sıx əlaqədədirlər, harada erməni varsa, bir-birini müdafiə edir, ermənilər hər bir yerdə yaşadıqları ölkənin işlərinə təsir edirlər. Fransada 400 min erməni Fransanın siyasətinə təsir edir, onların Amerikada da, Moskvanın özündə də çox böyük təsirləri vardır.
Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 2001-ci ilin noyabrında Bakıda Dünya azərbaycanlılarının birinci qurultayı keçirildi. Dünyanın bütün qitələrində yaşayan 50 milyonluq azərbaycanlı qurultayda öz nüfuzlu nümayəndələri ilə təmsil olunmuşdu. Ulu öndər Heydər Əliyevin qurultaydakı nitqində Azərbaycan dövlətinin keçdiyi tarixi inkişaf yolunun mərhələləri təhlil edilərək, respublikada demokratik, unitar, hüquqi, dünyəvi dövlət quruculuğu sahəsində görülən işlər nəzərə çatdırıldı.
Dünya azərbaycanlılarının I qurultayı xaricdəki soydaşlarımızın ümumi məqsəd, vahid ideya ətrafında birləşməsi yolunda böyük addım, gələcəyə istiqamətlənmiş önəmli tədbirlərdən idi. Qurultay milli ideologiyamız olan Azərbaycançılıq ideyası ətrafında soydaşlarımızın birlik və həmrəyliyini nümayiş etdirdi. Qurultayda xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürüldü. Ümummilli lider Heydər Əliyevə məxsus olan bu ideya Azərbaycan diasporunun formaşaldırılması prosesini sürətləndirməyə xidmət edirdi.
Qurultay nümayəndələrinin ulu öndərə müraciətlərində vurğulanırdı ki, biz müstəqil Azərbaycan dövlətinin nailiyyətlərini yüksək dəyərləndiririk. Onun beynəlxalq aləmdə qazandığı nüfuzundan böyük qurur və iftixar hissi duyaraq bəyan edirik ki, Azərbaycançılıq ideyalarının bərqərar olması naminə bütün səylərimizi səfərbər edəcəyik.
Qurultaydan sonra soydaşlarımızın öz Vətənlərilə əlaqələrinin möhkəmləndirilməsi sahəsində bir sıra vacib qərarlar qəbul edilmişdir.
2002-ci ilin 5 iyulunda Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman imzaladı. Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloci birliyinin təminatı baxımından müstəsna əhəmiyyət kəsb edən mühüm tarixi sənəd olmuşdur. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmağa və Azərbaycan diasporunun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə imkan vermişdir.
Azərbaycançılıq ideologiyasının diaspor quruculuğunda üstün cəhəti ilk növbədə onun milli maraqlarımızın tam palitrasını əhatə etməsidir. Ulu öndərin diaspor quruculuğu siyasətini son illərdə inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev diaspor quruculuğu işini xarici siyasət sahəsində prioritet istiqamətlərindən biri kimi qiymətləndirmiş, bu fəaliyyətin daha da gücləndirilməsi vacibliyini önə çəkmişdir. Prezident İlham Əliyev bildirib: "Müstəqil Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlıların doğma yurdu və güvənc yeridir. Hər bir azərbaycanlı Vətənimizin tərəqqisi, milli mənafelərimizin layiqincə qorunması üçün əlindən gələni əsirgəməməlidir. Ölkəmizin suverenliyinin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafının davam etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, soydaşlarımızın hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin olunması kimi mühüm vəzifələrin öhdəsindən uğurla gəlmək üçün əl-ələ verməli, səylərimizi birləşdirməliyik. Buna görə də bu gün bir daha bütün dünya azərbaycanlılarını sıx birliyə və həmrəyliyə dəvət edir, milli-mənəvi dəyərlərimizin qorunması, Vətənimizin çiçəklənməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi yolunda əzmkar fəaliyyətə səsləyirəm".
Dövlət başçısı milli mənafe və maraqların beynəlxalq aləmdə yüksək səviyyədə qorunması, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə dolğun, obyektiv şəkildə çatdırılması baxımından xaricdə yaşayan soydaşlarımızın üzərinə mühüm vəzifələrin düşdüyünü də qeyd edib. Onların daha da təşkilatlanması, vahid hədəflər naminə mütəşəkkil mübarizə aparması ilə bağlı dəyərli tövsiyyələrini verib.
Mühüm hadisələrdən biri Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılması olmuşdur.
Hazırda dünyanın müxtəlif ölkələrində 421 Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Onların hər biri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə öz töhfəsini verir. Hər il dünyanın bir sıra ölkələrində 20 Yanvar faciəsi, Xocalı soyqırımı, 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının ildönümü ilə əlaqədar yüzlərlə nümayiş, konfrans, dəyirmi masa, sərgi və s. tədbirlər keçirilir. Bu tədbirlərə həmin ölkələrin hökümət və qanunverici orqanlarının, siyasi partiya və ictimai təşkilatlarının nümayəndələri də qatılırlar ki, bu da Azərbaycan həqiqətlərinin get-gedə dünyada tanınması, qəbul edilməsi deməkdir.
Prezident İlham Əliyev xarici ölkələrə rəsmi və işgüzar səfərlərində həmişə Azərbaycan diasporu nümayəndələri ilə görüşür, onların problemlərini həll etmək, milli və vətəndaş hüquqlarının qorunması üçün məqsədyönlü siyasət aparır. Möhtərəm Prezidentimizin 29 dekabr 2005-ci ildə dünya azərbaycanlılarına müraciətində vurğulanırdı ki, hazırda dövlətimiz qarşısında soydaşlarımızın beynəlxalq konvensiyalarda təsbit olunmuş insan və vətəndaş hüquqlarının müdafiəsi, yaşadıqları ölkələrdə təsirli qüvvəyə çevrilməsi kimi məsul vəzifələr durur.
İlham Əliyevin təşəbbüsü ilə 2006-cı ilin martında Bakıda keçirilən Dünya azərbaycanlılarının II qurultayı soydaşlarımızın həmrəyliyinin bir daha genişlənməsində mühüm addım oldu. Prezident qurultaydakı nitqində respublikanın bütün sahələrdə qazandığı uğurların beynəlxalq səviyyədə təbliğ olunmasını qarşıya qoydu. Dövlət başçısı bildirdi ki, son iki ildə Azərbaycanın müxtəlif ölkələrdə 21 yeni səfirliyi açılmışdır. Bu, o deməkdir ki, Azərbaycan öz xarici siyasətini daha da dolğun, hərtərəfli şəkildə aparacaqdır.
Dünya azərbaycanlılarının 2011-ci ilin iyulunda Bakıda keçirilən III qurultayında Prezident İlham Əliyev Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə yüksək qiymət verdi və onları milli birliyi daha da möhkəmləndirməyə çağırdı.
Bu gün sevindirici haldır ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü çoxmilyonluq Azərbaycan diasporunun ən mötəbər bayramlarından biri olaraq müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların birlik rəmzinə çevrilmişdir. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu şərəfli ənənə gündən-günə daha geniş vüsət alır və Azərbaycançılıq siyasətinin həyata keçirilməsində əvəzsiz rol oynayır.
Bu bayram günü indi bütün azərbaycanlılar üçün, hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələrinin də bayramına çevrilib. İndi bu bayram dünyanın 70-dən çox ölkəsində 50 milyondan çox azərbaycanlı tərəfindən qeyd olunur. Çünki artıq dünyada yaşayan bütün azərbaycanlıların arxalana biləcəyi müstəqil və şanlı Azərbaycan dövləti var.
Azərbaycan dünyanın harasında yaşamasından asılı olmayaraq onların hər birinə övlad münasibəti bəsləyir.
Biz də harada yaşamağımızdan, harada fəaliyyət göstərməyimizdən asılı olmayaraq Azərbaycanlı olduğumuzu unutmamalı və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününü birgə qeyd etməliyik!
Tarixi gün-31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə bütün soydaşlarımızı təbrik edir, xalqımıza səadət, xoşbəxtlik və uğurlar diləyirik.
Natiq Abdullayev, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB