Səməd Seyidov: "Diplomatlar Vətənə qayıtdıqda işlə təmin olunmalıdır"

Səməd Seyidov: "Diplomatlar Vətənə qayıtdıqda işlə təmin olunmalıdır"

Milli Məclisdə "Diplomatik xidmət haqqında" qanun layihəsi müzakirə edilib. SİA-nın məlumatına görə, deputat Aytən Mustafayeva layihə haqqında fikirlərini bildirib. O qeyd edib ki, Xarici İşlər Nazirliyində işləyən mütəxəssislərin hüquqları qorumalıdır: "Xaricdə Azərbaycanı təmsil edən insanlar fikirləşməməlidir ki, qayıdıb işsiz qalacaqlar. Tanışlarımdan yüksək səviyyəli diplomat qayıdıb və burada ona yer olmayıb. Onu texniki şöbədə yerləşdiriblər. Oturub gözləyib ki, nə zaman növbəti ezamiyyətə göndəriləcək və normal işini davam edəcək. Diplomatlara belə münasibət normal deyil. Onlar ayrı-ayrı ölkələrdə Azərbaycanın üzüdür. Diplomatlar Azərbaycana qayıdandan sonra bu insanlara hörmət etdiyimizi göstərən maaşları olmalıdır".

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, ayrı-seçkilik qoymamalıdır: "Kənd Təsərrüfatı Nazirliyində işləyən məmurla diplomat fəaliyyətindən qayıdanlar arasında fərq qoyulmamalıdır. Maaşlarda fərq olmamalıdır. Dipliomat evə qaydan kimi niyə başqa yerə tez getməlidir? Diplomat 5 ildən sonra bir il heç olmasa öz ölkəsində çalışmalıdır və buradakı vəziyyəti öyrənməlidir. 20 il xaricdə Azərbaycanın pulu ilə yaşayan diplomatların orada xalqına, millətinə qarşı işlərini gördük. Çünki bura ilə əlaqəsi yox idi. Ona görə bu, vacib məsələdir. Kim işdən çıxırsa, deyir məni səfir göndərin. O, heç olmasa gedəcəyi ölkə barədə ətraflı öyrənməlidir. Kim deputat seçilmir deyir ki, məni səfir göndərin, gedib işləyim. Belə hallar təkrarlanmamalıdır".

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası komitəsinin sədri Səməd Seyidov qeyd edib ki, diplomatları xaricə göndərərkən onların Azərbaycanın maraqlarını nə qədər müdafiə edə biləcəkləri öyrənilməlidir. "Bu gün Azərbaycanda Diplomatik Akademiyada kadrlar yetişdirilir və onlardan istifadə edilməlidir. Xaricdə fəaliyyət göstərən diplomatlar Vətənə qayıtdıqdan sonra iş ilə təmin olunmalıdırlar".

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə