Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin "SAM-ın şərhləri" adlanan dövri nəşrinin 2015-ci il üçün növbəti sayı çap edilib. SAM-dan SİA-ya verilən xəbərə görə, SAM-ın Daxili siyasətin təhlili şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Tahirə Allahyarova və məsləhətçi-ekspert Lalə Novruzovanın müəllifi olduqları bu dövri nəşrin mövzusu müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət mərkəzində olan, polietnik və çoxkonfessiyalı ölkələrdə tarixən formalaşmış birgəyaşayış ənənəsi kimi multikulturalizm modelinin hazırda Qərb ölkələrində onun üzləşdiyi böhran kontekstində araşdırılmasına həsr edilib.
Tədqiqatın aparılması məqsədi ilə Avropanın aparıcı dövlətlərinə - Fransa və Almaniyaya elmi ezamiyyət təşkil edilmiş, bu ölkələrdə müsəlman icmalarının formalaşması, inkişafı və hazırkı vəziyyəti təhlil edilib. Təhlilin əsasını Avropanın iki aparıcı ölkəsində yaşayan, müxtəlif ictimai-siyasi təsisatlarda təmsil olunan 13 etnik-dini müsəlman icmasının nümayəndələri (rəhbər şəxsləri və təmsilçiləri) ilə demokratik dəyərlərin sistemli böhranı, onun səbəbləri və vəziyyətdən çıxış yolları haqqında müsahibələr nəticəsində əldə edilmiş qənaətlər təşkil edib.
Analitik hesabatın məzmununda - Qərbi Avropada müsəlman icmaları: statistik mənzərə; Fransa və Almaniyada müsəlman icmaları: yaranması və təkamülü; Fransa və Almaniyada müsəlman azlıqların təşkilatlanmasının siyasi-hüquqi aspektləri; Müsahibələrdə iştirak edən icma təmsilçiləri. Fransa və Almaniyada islamofobiyanın artması, onun ictimai, siyasi və hüquqi aspektlərdə təzahürləri haqqında; Fransa və Almaniyada multikulturalizm siyasətinin iflası islamofobiyanın nəticəsi kimi; Görüş keçirilən müsəlman icmalarının statusu, fəaliyyəti və problemlərə münasibəti kimi mövzular əksini tapmış, sonda araşdırma nəticəsində əldə edilən təklif və tövsiyələr təqdim edilib.
Qeyd edilən cəmiyyətlərdə polietnik və çoxkonfessiyalı dövlətlərdə dinlərin və mədəniyyətlərin tarixən sınanmış birgəyaşayış modeli olan multikulturalizmin inkar edilməsi ilə bağlı həmin ölkələrin siyasi liderlərinin bəyanatlarından sonrakı vəziyyət diqqət mərkəzinə gətirilib.
Burada həmçinin görüş keçirilən müsəlman icmalarının öz fəaliyyətlərində üzləşdikləri problemlər, dövlət-din münasibətlərinin mövcud səviyyəsinə münasibəti, qeyd edilən ölkələrdə ksenofobiya və islamofobiyanın artması, onun ictimai, siyasi və hüquqi aspektlərdə təzahürlərinə dair rəylər də təhlil edilib.
İcmaların təmsilçiləri ilə eyni zamanda Qərb dövlətlərində multikulturalizm modelindən imtina edilməsi və onun yaşadığı kəskin böhran, liberal demokratik dəyərlərin sistemli tənəzzülü, onun səbəbləri və vəziyyətdən çıxış yolları haqqında müsahibələr də aparılıb.
Tədqiqatın sonunda Avropada inteqrasiya modellərinin böhran yaşadığı bir vaxtda müsəlman icmalarının yaşadığı mövcud reallıq və problemlər, onlardan doğan nəticələr və çıxış yollarına dair təklif və tövsiyələr əksini tapıb.
Qeyd edək ki, analitik hesabat Azərbaycan və ingilis dillərində nəşr edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB