Azərbaycanın ilk veb-saytı – www.science.az 20 illik yubileyini təntənəli şəkildə qeyd etdi. Bu barədə SİA-ya AMEA Rəyasət Heyəti Aparatından məlumat verilib.
Azərbaycan mətbuatı zəngin ənənələrə malikdir. 140 illik bir dövrü əhatə edən jurnalistikamız "Əkinçi" qəzetinin nəşri ilə fəaliyyətə başlamışdır. Ölkəmizdə mövcud olan istənilən bir mətbuat orqanından və ya İnternet-media nümunəsindən danışarkən milli mətbuatımızın yaranmasından söz açmamaq qəbahət olar. Çünki məhz Həsən bəy Zərdabinin 1875-ci ildə nəşrinə başladığı "Əkinçi" sonradan neçə-neçə taleyüklü qəzet nümunələrinin yaranmasına, Azərbaycan mətbuatının özünütəsdiqinə və müxtəlif jurnalistika məktəblərinin yaranmasına yol açdı. Məhz "Əkinçi"nin nəşri ilə XIX əsrin ortalarında Azərbaycan xalqının milli oyanışında əvəzsiz rol oynayan yazar və mütəfəkkirlərimiz, dövrün böyük ziyalıları öz fikir və düşüncələrini xalqa mətbuat vasitəsilə ötürməyə başladılar.
1990-cı illərdə Azərbaycanda İnternet-medianın ilk nümunələri meydana gəlməyə başladı. İlk mətbu orqanımız olan "Əkinçi"nin nəşrindən düz 120 il, dünyada ilk-veb-saytın yaranmasından isə 5 il sonra ölkəmizdə ilk veb-sayt – science.gov.az fəaliyyətə başladı. AMEA İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssisləri tərəfindən yaradılmış sayt 140 illik tarixi olan Azərbaycan mətbuatının, mediasının inkişaf mərhələsində yeni səhifə açdı.
Yarandığı ilk gündən Azərbaycanın İnternet-media məkanında özünəməxsus yer tutan portal, ölkənin elmi-ictimai həyatının dəqiq və dolğun işıqlandırılmasında mühüm xidmətlər göstərib. 20 ildir ki,ölkədə, o cümlədən AMEA-da fəaliyyət göstərən alim və mütəxəssislərin elmi nailiyyətləri məhz bu sayt vasitəsilə ölkə və dünya ictimaiyyətinə ötürülür. Portalın uğurlu və səmərəli fəaliyyətində təbii ki, onun əməkdaşlarının rolu əvəzsizdir. Onlar AMEA və bütövlükdə respublikanın elmi-ictimai mühitində baş verən hadisələri operativ əldə edərək cəmiyyəti məlumatlandırırlar. Sayt Azərbaycanda dövlət tərəfindən elmdə aparılan islahatları, elmin inkişafı sahəsində əldə edilmiş nailiyyətləri obyektiv şəkildə işıqlandıran və təbliğ edən, akademiyanın həyatında baş verən əlamətdar hadisələri, tarixi görüşləri əks etdirən və zəngin bazaya malik olan dəyərli və etibarlı informasiya mənbəyidir.
Science.az həm də elmi informasiya-sorğu sistemidir. Saytın informasiya təminatının tərkib hissələrinə AMEA rəhbərliyi, AMEA-nın həqiqi və müxbir üzvləri, AMEA-nın bölmələri, elmi müəssisə və təşkilatları, AMEA-da çalışan elmlər doktorları haqqında 3 dildə (Azərbaycan, rus, ingilis) zəruri məlumatlar daxildir. Saytın statistik məlumatlarına nəzər yetirdikdə məlum olur ki, burada 2004-2015-ci illər ərzində AMEA tərəfindən həyata keçirilən tədbirlərə dair 60 mindən çox foto, audio və video-materiallar toplanmışdır.
Cari ildə saytın texnoloji platforması yenilənmiş, AMEA-nın korporativ üslubu və yeni strukturu nəzərə alınmışdır. Digər yeniliklərdən biri də saytda videoqalereya və ElmTv İnternet televiziyasının yaradılmasıdır. Azərbaycanda ilk elmi İnternet-televiziya olan "ElmTV" İnternet televiziyası AMEA-nın Rəyasət Heyəti, elmi müəssisə və təşkilatları, o cümlədən görkəmli alimlərin fəaliyyətləri haqqında videoreportaj və videoçarxlar hazırlayır.
Science.az saytının əməkdaşları təkcə praktiki fəaliyyətlə məşğul olmurlar. Belə ki, saytın bir qrup əməkdaşı elmi araşdırmalarla məşğul olaraq dissertasiya müdafiə etmişlər. Hazırda saytın gənc əməkdaşları İnternet medianın analitikası, sosial-medianın analizi və s. istiqamətlərdə tədqiqatlar aparırlar.
Şübhəsiz ki, bu gün Azərbaycanda İnternet-medianın inkişafında science.az veb-saytının danılmaz xidmətləri vardır. Azərbaycanın informasiya məkanında xüsusi yer tutan bu media orqanı cəmiyyətin elmi informasiyaya olan tələbatının ödənilməsində mühüm rol oynayır. Əminliklə demək olar ki, Azərbaycan elminin carşısı olan science.az veb-saytı 20 illik fəaliyyəti dövründə ölkənin elmi-ictimai həyatının bütün sahələrinə nüfuz edərək oxucularının rəğbətini qazanmağa nail olub.
Cari ilin dekabr ayında science.az veb-saytının 20 illik yubileyi AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə təntənəli şəkildə qeyd edildi. Dövlət rəsmiləri, tanınmış alimlər, İnternet-media üzrə mütəxəssislər, o cümlədən KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə www.science.az-ın Azərbaycan İnternet-media məkanında yeri və rolu, veb saytın meydana gəlməsi, inkişaf mərhələləri və perspektivləri ilə bağlı məruzələr dinlənildi. Tədbir çərçivəsində, həmçinin AMEA-nın "ElmTV" İnternet-televiziyasının elmtv.az saytının təqdimatı oldu.
Sonda isə science.az veb-saytında səmərəli fəaliyyətinə görə fərqlənən əməkdaşlar "AMEA-nın Fəxri Diplomu" ilə təltif olundular, xatirə hədiyyələri ilə mükafatlandırıldılar. Əminliklə demək olar ki, science.az-ın ölkə mətbuatında xüsusi rolunun qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən bu addım həm də saytın istismarında mühüm rol oynayan veb-müxbir, fotomüxbir, proqramçı və digər əməkdaşların gərgin əməyinin məntiqi nəticəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB