Şahin İsmayılov: “Azərbaycanda fədakar gənc nəsil yetişir” AÇIQLAMA

Şahin İsmayılov: “Azərbaycanda fədakar gənc nəsil yetişir” AÇIQLAMA

"Ölkəmizdə 23-24 il öncə baş vermiş və Azərbaycanda ağır nəticələri hələ də göz önündə olan işğal hadisələrini ancaq tarixdə bir işğal hadisəsi kimi qəbul etmək böyük səhv olardı". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, millət vəkili Şahin İsmayılov deyib.

Onun sözlərinə görə, Xankəndinin erməni qəsbkarları tərəfindən işğal olunmasından 24 il ötsə də, problemin bu gün də öz həllini tapmaması, Ermənistanın işğalçı siyasətini davam etdirməsi belə günlərin xatırlanması və qeyd edilməsi zərurətini meydana çıxarır: "Tarixə nəzər salsaq, müasir dövlətlərin yaranmasına qədər ölkələr arasında çox müharibələr olub. Dünya tarixi işğal günləri ilə zəngindir. Biz həmin hadisələri tarix kitablarından oxuyuruq".

Millət vəkili bildirib ki, Dağlıq Qarabağ müharibəsində atəşkəs müqaviləsi bağlandıqdan sonra minlərlə Azərbaycan gənci dünyaya gəlib: "Həmin gəncləri elə yetişdirmək lazımdır ki, onlar bu müharibənin ağrı-acısını duya bilsinlər, bu hadisələrə biganə qalmasınlar. Bu ilk növbədə düzgün vətənpərvərlik tərbiyəsindən asılıdır. Bu dövlətlə yanaşı, hər bir övlad yetişdirən valideyndən, siniflərdə, auditoriyalarda dərs deyən müəllimlərdən, ölkənin ictimai həyatının aparıcı simalarından asılıdır. Daim gənclərin əhatəsində olan, onlarla işləyən biri kimi deyə bilərəm ki, ölkəmizdə bu istiqamətdə sağlam düşünən gənclik var. Onlar həm ölkə daxilində, həm də getdikləri xarici ölkələrdə bu mövzuya həssaslıqla yanaşırlar. Gənclərimiz Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasətini, xalqımıza yaşatdığı ağrılı-acılı günləri, 1 milyondan çox qaçqın və məcburi köçkün vətəndaşlarımızın yaşadıqları çətinlikləri dərk edirlər".

"Mən düşünürəm ki, bu gün Azərbaycanda elə bir gənc nəsil yetişir ki, onlar torpaqlarımızın işğaldan azad edilməsi, vətəndaşlarımızın öz yurd-yuvalarına qayıtması istiqamətində hər bir fədəkarlığa hazırdırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə