Bayram Kiyevdə qeyd olundu

Ukraynanın paytaxtı Kiyevdə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresi və Ukrayna Millətlər Assambleyasının təşkil etdiyi tədbirdə Ukrayna Ali Radasının üzvləri, hökumət nümayəndələri, Azərbaycanın Ukraynadakı Səfirliyinin əməkdaşları, Diasporla İş üzrə Dövlət Komitəsinin təmsilçiləri, Azərbaycan diasporunun fəalları iştirak edib.

Tədbirdə Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev, Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Nazim Əliyev, həmçinin Ali Radanın deputatları çıxış edib. Bildirilib ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olan bu bayram digər bayramların içərisində öz layiqli yerini tutub və bütün dünyada yaşayan azərbaycanlılar tərəfindən geniş şəkildə qeyd edilir.

Ukraynada yaşayan soydaşlarımızın Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yüksək səviyyədə qeyd etməsinin əhəmiyyəti vurğulanıb, qeyd olunub ki, dünyanın hər bölgəsində azərbaycalıların həmrəy olması vacib şərtdir. Çıxış edənlər Azərbaycan xalqını Həmrəylik Günü və qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edib.

Tədbir Ukraynada yaşayan istedadlı azərbaycanlı gənclərin bədii çıxışları, Ukrayna rəqs kollektivlərinin çıxışları ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə