Qarabağla bağlı yeni filmlərin təqdimat mərasimi keçirilib FOTOLAR

Qarabağla bağlı yeni filmlərin təqdimat mərasimi keçirilib FOTOLAR

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Virtual Qarabağ" İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzinin istehsal etdiyi Ağdam virtual səyahət" 3D qrafik təsvirli, "Qarabağ atı" animasiya filmləri, AMEA Arxeologiya və Etnoqrafiya institutu ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanan "Qarabağın dövlət əhəmiyyətli tarixi abidələrinin elektron xəritəsi"nin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə gənclər və idman naziri Azad Rəhimov, nazir müavini İntiqam Babayev, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, millət vəkili Fuad Muradov, gənclər təşkilatlarının rəhbərləri və digərləri iştirak ediblər.

Layihənin əlaqələndiricisi, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev filmlər haqqında məlumat verib. O qeyd edib ki, filmlərin istehsal olunmasında əsas məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaq, işğal altındakı ərazilərimizin füsunkar təbiəti, tarixi və maddi-mədəniyyət abidələri haqqında gənclərimizi məlumatlandırmaqdır. Bildirib ki, Elektron məhsulların hazırlanmasında məqsədlərdən biri də ölkəmizlə bağlı həqiqətlərin Ermənistanın elmi dairələri və erməni diasporu tərəfindən saxtalaşdırılmasının qarşısını almaq, əsl reallıqları, tarixi faktları dünya ictimaiyyətinə çatdırmaqdır.

Daha sonra çıxış edən gənclər və idman naziri Azad Rəhimov mərkəzin 2013-cü ildən əhəmiyyətli elektron məhsullar təqdim etdiyini qeyd edib. Nazir bildirib ki, mərkəzin qarşısında daha mühüm layihələrin icrası durur.

A.Rəhimov təqdim olunan məhsulların önəmli olduğunu vurğulayıb: "Ölkə gənclərinin maarifləndirilməsi və Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda tanıdılması istiqamətində bu məhsullar çox mühüm rol oynayır. Son dövrdə dünyada baş verən dəyişikliklər və yaranan yeni çağırışlar belə filmlərin hazırlanmasının əhəmiyyətini daha da artırır. Ölkə gənclərinin fəallığının artırılması, onların məlumatlandırılması və inkişafında belə layihələr önəmli rol oynayır".

Tədbirdə məlumat verilib ki, Azərbaycan və ingilis dilində istehsal olunan "Ağdam - virtual səyahət" 3D qrafik təsvirli film vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin Ağdam rayonunun tarixi abidələri, meydanları, küçələri qrafik təsvirlə sanki canlandırılır, bir növ tamaşaçı Ağdam rayonuna virtual səyahətə çıxır.

Tarixi təhriflərin qarşısının alınması məqsədi ilə Azərbaycan Xalq şairi Bəxtiyar Vahabzadənin eyni adlı şeri əsasında çəkilən "Qarabağ Atı" animasiya filminin məqsədi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə tövhə vermək, onların Qarabağ haqqında biliklərini artırmaqdır.

"Qarabağın Dövlət əhəmiyyətli tarixi abidələrinin elektron xəritəsi" layihəsinin həyata keçirilməsində əsas məqsəd interaktiv xəritə üzərində Qarabağda mövcud olan abidələrin GPS koordinatları ilə birlikdə pasportlaşdırılması, abidələrin Azərbaycana məxsusluğunun nümayiş etdirilməsi, gənclərin Qarabağ abidələri haqqında məlumatlılığının artırılmasıdır.

Daha sonra yeni hazırlanmış filmlər və elektron xəritə nümayiş olunub.

Tədbir çıxışlarla davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə