Yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib FOTOLAR

Yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib FOTOLAR

Gəncə şəhər Hacıkənd qəsəbəsində istifadəyə verilən yeni uşaq bağçası balaca sakinlərin və onların valideynlərinin sevincinə səbəb olub. SİA-nın xəbərinə görə, uzun illərdən bəri qəzalı vəziyyətdə olan 37 saylı uşaq bağçasının yerində inşa edilən və müasir standartlara cavab verən bina 8 otaqdan ibarətdir və burada iki yaş qrupundan olan körpələrin təlim-tərbiyəsi üçün hər bir şərait yaradılıb. Uşaq bağçası dövlət vəsaiti hesabına avadanlıq və inventarlarla, müasir istilik sistemi, işıq, su və qazla təchiz olunub. Burada 1 musiqi zalı, 1 oyun otağı, tibb məntəqəsi, anbar, müasir avadanlıqlarla təmin edilmiş mətbəx fəaliyyət göstərəcəkdir. Bağçada 11 nəfər tərbiyəçi və texniki işçi çalışır.

Şəhər ictimaiyyəti nümayəndələrinin də iştirak etdikləri açılış mərasimində Gəncə Şəhər İcra Hakmiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək, bağçanın kollektivini təbrik edib, gələcək nəslin təlim-tərbiyəsində onlara uğurlar arzulayıb. Bildirib ki, uşaq bağçasının yaxınlığında uşaqların əylənməsi üçün park salınacaqdır. Elmar Vəliyev diqqətə çatdırıb ki, uşaq tərbiyə müəssisələrində başlanan yenidənqurma işləri bundan sonra da davam etdiriləcək. Artıq şəhərdə mövcud olan 42 uşaq bağçasının böyük əksəriyyəti əsaslı şəkildə təmir edilib. Hazırda 8 bağçada təmir işləri sürətlə davam etdirilir. Bundan başqa Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Hacıkənd qəsəbəsinin yenidən qurulması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Yaxın gələcəkdə təbiətin bu füsunkar guşəsində yaradılacaq istirahət mərkəzləri nəinki yerli, eləcə də xarici turistləri özünə cəlb edəcək.

Qəsəbə sakinləri Qalib Quliyev və Elşən Abbasov ürək sözlərini söyləyiblər. Bildiriblər ki, burada məskunlaşan məcburi köçkünlər yeni qəsəbələrə köçürüldükdən sonra Hacıkənddə böyük yenidənqurma və abadlıq işlərinə başlanılıb. Demək olar qəsəbə öz simasını gündən-günə dəyişir. Küçələr genişləndirilərək abadlaşdırılır, istinad divarları tikilir. İctimai binalar yaraşıqlı üzlük daşlarla bəzədilir.

Sonra rəmzi lent kəsilib, iştirakçılar ən müasir standartlara cavab verən uşaq bağçasında yaradılan şəraitlə yaxından tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə