Xalqımızın yaddaşında dərin izlər qoymuş əlamətdar hadisələrlə zəngin olan 2015-ci il başa çatır. SİA-nın Cənub bürosunun məlumatına görə, yola saldığımız ildə Astara rayonunun ən ucqar dağlıq ərazisində yerləşən, Pəlikəş icra nümayəndəliyinə daxil olan yaşayış məntəqələrində illərdən bəri həllini gözləyən və yerli əhalini çox narahat edən bir çox problemlər aradan qaldırılıb. 2015-ci ilin ən unudulmaz və tarixi hadisələrindən biri 21 yaşayış məntəqəsini əhatə edən 12 min nəfər əhalinin illərdən bəri həsrətində olduqları arzularının reallaşması olub. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 dekabr 2013-cü il tarixli Sərəncamı ilə ayrılan vəsait hesabına keçilməz dağlıq ərazini əhatə edən Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi başa çatdırılıb. Ucqar dağ kəndlərinə rahat asfalt yolun çəkilişi həmin ərazilərin inkişafına, əhalinin maddi-rifah halının yüksəlməsinə şərait yaradıb. Prezident İlham Əliyev 2015-ci il aprelin 11-də rayonda səfəri zamanı bir sıra mühüm obyektlərlə yanaşı Deqədi-Pəlikəş avtomobil yolunun da açılışında iştirak edib.
Rayon rəhbərliyinin təşkilatçılığı və yaxından köməkliyi ilə Pəlikəş kəndindən Sım kəndinə gedən yola asfalt çəkilib. Tarixi qədim minilliklərə söykənən Sım kəndində müasir tələblərə cavab verən, şəhər məktəblərindən heç də fərqlənməyən 180 yerlik məktəb binasının tikintisi başa çatdırılır.
Dekabrın 22-də qədim Sım kəndində rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin keçirdiyi səyyar qəbul və görüşdə kənd sakinlərindən Nəbi Xalıqov, Talıb Salayev, Aynur Qafarova, İslam Fətullayev, Elxan Əliyev və başqaları çıxış edərək göstərilən qayğı və diqqətə görə ölkə başçısı möhtərəm Prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər. Çıxış edənlər illərdən bəri həllini gözləyən problemlərin həllinə görə razılıqlarını bildirməklə yanaşı, Sım kəndinə çəkilən yolun başa çatdırılması, rabitə xidmətinin yaxşılaşdırılması, radikal dini təriqət nümayəndələrinə qarşı müvafiq tədbirlərin görülməsi və digər məsələlər barədə təkliflərini diqqətə çatdırıblar. Sım kənd sakini Aynur Qafarova isə yanaraq yararsız hala düşmüş fərdi yaşayış evinin bərpasına köməklik göstərilməsini xahiş edib.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxışında qeyd edib ki, ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin hər yerində olduğu kimi, ucqar ərazilərdə yerləşən yaşayış məntəqələrinin abadlaşdırılması, infrastruktur layihələrin yerinə yetirilməsi, ən başlıcası həyati əhəmiyyət daşıyan avtomobil yollarının yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti-quruculuq işləri aparılır. Deqədi-Pəlikəş avtomobil yolunun yenidən qurulması, Pəlikəş və Sım kəndlərində müasir tipli yaraşıqlı məktəb binalarının tikilməsi və digər abadlıq və quruculuq işləri dağ kəndləri sakinlərinə göstərilən qayğı və diqqətin parlaq sübutudur. Açıq etiraf etmək lazımdır ki, mürəkkəb relyefə malik dağlıq ərazidə yenidən qurulan avtomobil yolunun qorunub mühafizə edilməsi kimi vacib məsələyə lazımi diqqət yetirilmir. Dağ kəndlərinin sakinləri yeni çəkilən avtomobil yolunun nə qədər çətinliklə başa gəldiyini yaxşı bilirlər. Ona görə də min bir əziyyətlə başa gələn yolların hər qarışının mühafizə edilməsi üçün gündəlik nəzarət və diqqət göstərilməlidir.
İcra başçısı səyyar qəbul və görüş zamanı Aynur Qafarovanın fərdi yaşayış evinin bərpa edilməsinə köməklik göstərilməsi və digər qaldırılan məsələlərin həlli üçün yerindəcə aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verib.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev 2014-cü ilin oktyabr ayında tikintisinə başlanılmış 180 şagird yerlik Sım kənd tam orta məktəbində işlərin gedişi ilə maraqlanıb, konkret tapşırıq və tövsiyələrini verib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB