"Xalq sənətkarlarının Respublika interaktiv sərgisi" FOTOLAR

"Xalq sənətkarlarının Respublika interaktiv sərgisi"  FOTOLAR

Muzey Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi tərəfindən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş "Xalq sənətkarlarının Respublika interaktiv sərgisi" açılıb. SİA-nın verdiyi məlumata görə, sərgidə Bakı, habelə respublikanın 40-dan artıq rayon və şəhərindən 150 müəllifin 700-dən artıq əl işi nümayiş etdirilib.

Xalq sənətkarlarının iştirakı ilə - rəngkarlıq, xalçaçılıq, heykəltəraşlıq, toxuculuq, misgərlik, dulusçuluq, batika, ağac üzərində oyma, təkəlduz, şəbəkə, vitraj və incəsənətin digər sahələri üzrə təsviri və dekorativ-tətbiqi sənət nümunələri interaktiv formatda təqdim olunub.

Tədbirin açılışında Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyev bildirib ki, sərgi istedadlı xalq tətbiqi sənəti ustalarını üzə çıxarmaq və onların yaradıcılığını təbliğ etmək məqsədi ilə keçirilir. Açılış mərasimində tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov, sənətşünaslıq doktoru, professor Kübra Əliyeva, Azərbaycan Ağsaqqallar Şurası Nizami rayon şöbəsinin sədri Mayıl Əliyev, Mərkəzin şöbə müdiri Rafiq Quliyev çıxışlarında harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının həyatında əlamətdar tarix olan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş sərginin əhəmiyyətini vurğulayıblar.

Çıxış edənlər müasir müstəqil Azərbaycan dövlətinin yaradılmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini, respublikamızın bütün sahələrdə, o cümlədən mədəniyyət və incəsənət sahələrində sürətli inkişafını xüsusən qeyd ediblər.

Tədbirin iştirakçılarına Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin diplom və hədiyyələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə