Ərzaq və gündəlik tələbat malları kəskin bahalaşdı

Ərzaq və gündəlik tələbat malları kəskin bahalaşdı

Marketlərin bir çoxu qapılarını alıcıların üzünə bağlayıb, paytaxt sakinləri təlaş içindədirlər

Dekabrın 21-də Azərbaycan Mərkəzi Bankı "üzən məzənnə" siyasətinə keçdi. Beləliklə, manat bir gündə 47.7 faiz dəyərdən düşdü. Bu ilin 21 fevralında isə manat 33.8 faiz devalvasiya olmuşdu. Beləliklə, ilin əvvəlində 1 dollar 0.78 AZN-nə təklif olunurdusa, ilin sonunda bu rəqəm 1.55 AZN-ə yüksəldi. Yəni ilin əvvəli ilə müqayisədə milli valyutamız 2 dəfə dəyərini itirmiş oldu.

Manatın dəyərdən düşməsinin ərzaq bazarına təsir edəcəyini düşünən insanlar tez bir zamanda şəhərin marketlərinə üz tutdu. Sosial şəbəkədə yayılan şəkillər paytaxtda panik vəziyyətin yarandığını ortaya qoydu.

Amma bir çox mağazalar satışdan imtina edərək qapılarını müştərilərin üzərinə bağladı. Böyük marketlər isə hər məhsuldan bir ədəd almağa icazə verirdi.

Dünən mağaza və meyvə dükanlarına baş çəkərək qiymətlərlə maraqlandıq. Yasamal rayonu, Şərifzadə küçəsində daxil olduğumuz böyük marketlərin əksəriyyətində satıcılar qiymətləri dəyişdirməklə məşğul idilər. Bəzi rəflərdə isə ümumiyyətlə məhsul qalmamışdı - uşaq qidaları, uşaq bezləri, tualet kağızları, qabyuyan şampunlar və s. piştaxtalardan yığışdırılıb.

Dolların bahalaşmasından cəmi bir gün ötməsinə baxmayaraq qiymətlər kəskin şəkildə dəyişmişdi. Bundan xəbərsiz olan sakinlər isə böyük zənbillər götürüb piştaxtalar arasında dolaşırdılar. Qiymətləri dəyişdirməklə məşğul olan satıcılardan birinə yaxınlaşdıq. O bildirdi ki, dünəndən etibarən qiymətlərdə dəyişiklik var. Xüsusilə saç şampunlarında, yuyucu tozlarda, tualet kağızlarında, qab yuyan şampunların satış qiymətlərində artım hiss olunur. Digər məhsullar da azı 5 qəpik baha təklif olunur.

Meyvə rəflərində qiymətlər "od tutub" yanır...

Mağazada alış-veriş edən xanımlardan birinə yaxınlaşdıq. O təsdiq etdi ki, bütün məhsullarda bahalaşma var: "Yuyucu tozlarda, qab yuyan şampunlarda bahalaşma daha çox hiss olunur. Elə məhsul var ki, onlarda lap 3-4 manatlıq qiymət artımı olub. Deyirlər, elə çox qalxmayıb. Amma yalan söhbətdi, hiss olunacaq qədər artım var. Bundan sonra nə olacaq Allah bilir".

Marketlərdəki meyvə-tərəvəz şöbəsində isə qiymətlər "od tutub yanır". Qızıl əhmədi almasının kiloqramı 5 manat 45 qəpik, nar 5 manat 40 qəpik, portağal 2 manat 48 qəpik, xurma 5 manat, xurma 6 manat 40 qəpik, armud isə 3 manat 35 qəpikdir. Pomidor və xiyarın qiyməti isə məhsulun haradan gətirilməsindən asılı olaraq 4-5 manat arası dəyişir.

Satıcı: "Xaricdən meyvə-tərəvəz gətirməsək yerli məhsulumuz bizə yetməyəcək"

Meyvə-tərəvəz satılan dükanlarda isə qiymətlər marketlərlə müqayisədə çox aşağı idi. Satıcı deyir ki, o hələ ki məhsulları köhnə qiymətlə təklif edir. Çünki təzə mal gəlməyib: "Nəyə görə rəflərdəki malı şişirdilmiş qiymətlə satmalıyam? Yazıq deyil bu millət? Xurma 1 manat, Qızıl əhmədi alma 2 manat, nar 1 manat 50 qəpik, pomidor 2-3 manat 50 qəpik, portağal 2 manat - bir sözlə əvvəlki qiymət necədi elə də qalıb. Bilirsiniz, mən rəflərdəki malı təmizləyirəm. Məsələn, məhsulu 3 manata almışam və 3 manat 30 qəpikdən satıram. İndi onu 5 manata satmağımın nə mənası var? Görürsünüz, malım qurtarır. Səhər də qalanları satıb qurtaracam. Sonra gedib görəcəm topdansatışda nə var, nə yox. Nə olar, olar".

Satıcı deyir ki, marketlər meyvə-tərəvəzin qiymətini qaldırsa da sata bilmir. O isə satır: "Ancaq onu deyim ki, xaricdən meyvə-tərəvəz gətirməsək yerli məhsulumuz bizə yetməyəcək. Çünki biz yeyən xalqıq. Tələbat çoxdur. Elə məhsullar var ki, onlar bizdə yox dərəcəsindədir, ancaq əhalinin tələbatı var. Məsələn bibər. Bizdə yetişdirmirlər. Məhsuldarlığı azdı deyə, Türkiyədən gətiririk. İlin bu vaxtı bizdə ümumiyyətlə bibər yoxdur".

Başqa bir mağazanın satıcısı bizə bildirdi ki, hər hansı bir firmadan və topdansatış mərkəzlərindən mal almaq mümkün deyil. Firmalar heç bir məhsulu satmırlar: "Topdan satış mağazaları da bağlıdır. Nə vaxt mal gətirəcəklərini bilmirik. Ağızdan ağıza gəzir ki, siqaretin qiyməti 50 faiz qalxıb. Ancaq faktiki olaraq heç yerdə siqaret tapılmır. Ona görə qiymətinin nə qədər dəyişildiyini demək mümkün deyil. Gözləməkdən başqa yolumuz yoxdur. Görək, yeni qiymətlər necə olacaq. Qiymət artımı isə sözsüz ki, olacaq".

"Dünənki durum mənə aclıq illərini xatırlatdı..."

Mağazada alış-veriş edən xanımlardan biri deyir ki, qiymətləri insanlar süni şəkildə qaldırır: "Marketlərdə 1 manat qiyməti olan malı 3 manata satırlar. Bəzi mallar dəyərindən artıq qiymətə təklif olunur. Girdiyim bəzi mağazalarda əvvəl qiyməti 2 manat olan ərzağı 5 manata gördüm. Əvvəlcədən camaat arasında şayiə yayırlar. Deyirlər süni şəkildə qiymət qaldıranlar cəzalandırılacaq. Ancaq ortada heç nə yoxdur. Bayramqabağı qiymətləri bir az da qaldıracaqlar. Yenə maaşlar yüksək olsa, qiymət nə qədər qalxsa da millətin təsəllisi olar ki, onsuzda qazanc yerim var. Maaş da yoxdur axı. Hələ deyirlər yanvardan ixtisarlar olacaq. Nə bilim, Allah kömək olsun bu millətə..."

Fikrini öyrəndiyimiz digər bir xanım isə şokda olduğunu bildirdi O, insanların mağazalara hücum çəkdiyini gördükdə təşviş yaşayıb: "Dünən axşam işdən yorğun qayıdanda insanların necə mağazaya hücum çəkdiyini gördüm. Birdən ağlıma aclıq illəri düşdü. Kim nə tapsa alıb yığırdı evə ki, aclıq olanda nə isə olsun əlinin altında. Eyni həmin vəziyyət idi. Uşaqlar evdən zəng vurdular ki, pomidor lazımdır. Marketə pomidor almaq üçün girdim. Bir də gördüm ki, pomidorun kiloqramı 5 manat 40 qəpikdir. Halbuki bir gün öncə 3 manata almışdım. O zaman başa düşdüm insanların nə üçün belə alış-veriş etdiyini. Birdən-birə qiymətin bu qədər qalxması düzgün deyil. Sözsüz ki, bəzi qurumlar bu durumdan öncədən xəbərdar idi. Ən azından hissə-hissə qiymətləri qaldırardılar ki, millət birdən panikaya düşməsin. Hələ deyirlər dollar bir də qalxacaq. Onda neynəyəcəyik bilmirəm..."

"Məhsulların manatla satış qiyməti artacaq"

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib ki, ölkəyə gətirilən ərzaq, kənd təsərrüfatı məhsulları manat ifadəsində daha baha qiymətə əldə olunacaq: "Dollarla alınan məhsul üçün daha çox manat xərclənəcək. Ona görə də bu məhsulların manatla satış qiyməti artacaq. Nəzərə almaq lazımdır ki, Azərbaycandan idxal inhisardadır. Belə olmasa, sahibkarlar nisbətən ucuz mal-məhsul gətirərək, əhali üçün əlçatan qiymətə təklif edə bilərlər. Amma inhisarçılar daha çox gəlir əldə etməyə çalışırlar. Ərzaq, kənd təsərrüfatı məhsullarının qiymətləri mütləq artacaq".

V.Məhərrəmov hesab edir ki, devalvasiya ölkə daxilində istehsal edilən məhsulların da qiymətinə təsirsiz ötüşməyəcək: "Ölkədə istehsal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının istehsal vasitələri xaricdən gətirilir. Yəni texnoloji avadanlıqlardan, gübrə və pestisitlərdən, genetik materiallardan, toxumdan söhbət gedir. Hətta yumurta istehsalında istifadə olunan yem komponentləri və sair bu kimi vasitələr xaricdən dollarla gətirilir Deməli, həmin istehsal vasitələri üçün indiki halda 55 faizdən çox Azərbaycan manatı xərcləməli olacaqlar. Əlbəttə, belə olan halda ölkəyə gətirilən istehsal vasitələri birbaşa məhsulun maya dəyərini artıracaq. Bizdə bir o qədər də dəyər əhəmiyyəti kəsb edən iş görülür. Bu nədir? Kənd təsərrüfatı sahəsində əl əməyindən istifadə olunur, eyni zamanda benzin, dizel yanacağı məsələsi də var. Azərbaycanda digər ölkələrdən fərqli olaraq benzin və dizel yanacağının qiyməti bahadır. Hətta Gürcüstan və Rusiyaya nisbətən də qiymətlər kifayət qədər yüksəkdir".

Süni qiymət artımının qarşısı alınacaq

"İstehlak bazarında süni qiymət artımının qarşısını almaq üçün bütün zəruri tədbirlər görüləcək" - bunu Tehranda rəsmi səfərdə olan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib. Onun sözlərinə görə, dövlət bütün zəruri tədbirləri görəcək ki, qiymətlərin süni şəkildə qaldırılmasının qarşısı alınsın: "Təbii ki, manatın devalvasiyaya uğraması idxaldan asılı olan məhsulların qiymətinə təsir edir və onların qiyməti artacaq. Lakin biz bu prosesə nəzarət edəcəyik. Süni şəkildə, devalvasiyadan asılı olmayan səbəbdən qiymət artımının qarşısı alınacaq".

bizimyol.info

Bütün xəbərlər Facebook səhifəmizdə