Dekabrın 21-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Memarlar İttifaqı (AMİ) İdarə Heyətinin 2015-ci il qış plenumunda son altı ay ərzində görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib. SİA-nın Cənub bürosunun məlumatına görə, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Azərbaycan memarlarının yaradıcılığını əks etdirən "Müasir Azərbaycan memarlığı" adlı sərgi ilə tanış olublar.
Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov son illər ölkəmizdə, o cümlədən Lənkəran rayonunda aparılan genişmiqyaslı quruculuq işləri, o cümlədən şəhərsalma və memarlıq sahəsində görülən işlərdən, həyata keçirilən layihələrdən söhbət açaraq plenumun işinə uğurlar arzulayıb.
Qeyd olunub ki, zəngin tarixi yol keçmiş Lənkəran şəhəri əsrlər boyu Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əhəmiyyətli rol oynayıb. Rayonun ərazisində müasir dövrədək mühafizə olunmuş "Bəlləbur qalası", "Dairəvi qala", "Şeyx Zahid və Seyid Xəlifə türbələri", "Lənkəran mayakı" və digər tarixi memarlıq abidələri maddi mədəniyyətin qiymətli nümunələri sırasındadır.
Hirkan Milli Parkı, Qızılağac Dövlət Təbiət Qoruğu və Kiçik Qızılağac Təbiət Yasaqlığı cənub bölgəsinin flora və faunasının zənginliyini əks etdirir.
Bildirilib ki, hazırda ölkəmizin mühüm sosial-iqtisadi, mədəni və turizm mərkəzlərindən birinə çevrilməkdə olan Lənkəranda regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq bir sıra mühüm infrastruktur layihələr həyata keçirilib, o cümlədən Beynəlxalq Hava Limanı, Olimpiya İdman Kompleksi, Müalicə-Diaqnostika və Uşaq Sağlamlıq və Əlillərin Reabilitasiya Mərkəzləri, mehmanxana və və istirahət mərkəzləri, yeni sənaye müəssisələri istifadəyə verilib.
Plenumda çıxış edən Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə ümummilli lider Heydər Əliyevin memarlıq sənətinə yüksək qiymət verdiyini vurğulayaraq son altı ayda AMİ-də görülən işlər barədə məlumat verib.
Bu il oktyabrında Mədəniyyət və Turizm Nazirliyinin, AMİ-nin birgə təşkilatçılığı ilə Bakı şəhərində İkinci Beynəlxalq Müsabiqənin keçirildiyini bildirən E. Qasımzadə mükafat fondu 52 min 500 manat təşkil edən müsabiqədə dünyanın 37 ölkəsindən 250-dən artıq layihənin təqdim olunduğunu, iki nəfər azərbaycanlı memarın-Rasim Balakişiyevin və Elçin Əliyevin ən yüksək mükafata layiq görüldüyünü diqqətə çatdırıb.
Bakı şəhərində Beynəlxalq Memarlıq Akademiyasının filialının açıldığını vurğulayan AMİ-nin İdarə Heyətinin sədri 1992-ci ildən AMİ-nin Beynəlxalq Memarlıq Assosiasiyasına üzv seçildiyini və 10 nəfər azərbaycanlı memarın bu Assosiasiyanın üzvü olduğunu diqqətə çatdırıb.
Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov "Lənkəran şəhərinin Baş planının layihələndirilməsi və inkişafı", Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun dosenti Rahibə Əliyeva "Lənkəranın şəhərsalma və memarlıq irsi" mövzusunda, həmçinin
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova çıxış ediblər.
Plenumda Azərbaycan Memarlar İttifaqı Təftiş Komissiyasının sədri Nizami Şıxzamanovun hesabatı dinlənilib, AMİ-yə yeni üzvlər qəbul edilib, şəhərsalma və memarlıq sahələrində fəal iştirak etdiklərinə və Lənkəranın memarlıq simasının zənginləşdirilməsində göstərdikləri xidmətlərinə görə 3 nəfərə AMİ-nin fəxri-fərmanları verilib, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov AMİ-nin fəxri üzvü seçilib.
Tədbirin sonunda AMİ-nin İdarə Heyətinin qış plenumunun Qətnaməsi qəbul edilib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB