Səməd bəy Mehmandarovun 160 illik yubileyi qeyd edilib

Səməd bəy Mehmandarovun 160 illik yubileyi qeyd edilib

Nizami rayonunda yerləşən 229 saylı tam orta məktəbdə görkəmli hərbi xadim, general Səməd bəy Mehmandarovun 160 illik yubileyi ilə əlaqədar ümumrayon tədbiri keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov və müəllimlər, şagirdlər iştirak ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə S.Mehmandarovun həyatını əks etdirən fotolar, hərbçi ömrünün salnaməsi slaydlar vasitəsilə nümayiş etdirilib, həmçinin məktəb şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirilib, ədəbi-bədii kompozisiya təqdim edilib.

Eyni zamanda, şagirdlərin ifasında 229 saylı tam orta məktəbin müəllimi Nərgiz Abbasqızının general S.Mehmandarova həsr etdiyi şeirləri səsləndirilib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva və Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov general S.Mehmandarovun həyat və fəaliyyətindən danışıb, Azərbaycan dövlətinin hər zaman hərb tariximizi yaradanlara, dövlətçiliyimizin inkişafında əməyi olan insanların xatirəsinə xüsusi qayğı ilə yanaşdığını, General Səməd bəy Mehmandarovun da dövlətimizin qiymətləndirdiyi, fəaliyyətinə qiymət verdiyi şəxsiyyətlərdən biri olduğunu söyləyiblər.

Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov qüdrətli sərkərdə, dünya hərb tarixində xüsusi yeri olan Səməd bəy Mehmandarovun ilk müstəqil Azərbaycanın – Azərbaycan Xalq Cümhuriyyətinin ordusunu quranlardan olduğunu, döyüş meydanlarındakı yüksək peşəkarlığı və zabit şərəfinə hədsiz sədaqəti ilə Azərbaycan xalqının hərb salnaməsinə unudulmaz səhifələr yazdığını qeyd edib. O, Səməd bəy Mehmandarovun yaratdığı nizami ordunun öz peşəkarlığı ilə seçildiyini, Azərbaycan dövlətçiliyi, ordu quruculuğu sahəsində böyük işlər gördüyünü, xalqımızın fəxri olan görkəmli dövlət, hərbi xadimlər sırasında özünə parlaq yer tutan general S.Mehmandarovun nəinki Azərbaycanda, həm də dünyanın bir sıra ölkələrində peşəkar hərbçi kimi xatırlandığını vurğulayıb.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə