LDU-da Hüseynbala Mirələmovla görüş keçirilib FOTOLAR

LDU-da Hüseynbala Mirələmovla görüş keçirilib FOTOLAR

Lənkəran Dövlət Universitetində yazıçı, ssenarist, millət vəkili, Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri, texnika elmləri doktoru, professor Hüseynbala Mirələmovla tələbələrin görüşü keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Asəf İskəndərov H.Mirələmovun ədəbi və ictimai-siyasi fəaliyyəti barədə məlumat verib.

Universitetin kafedra müdiri,filologiya elmləri doktoru Yədulla Ağazadə tanınmış ictimai-siyasi xadim, yazıçı, dramaturq H.Mirələmovun həyat və yaradacılığı barədə geniş məruzə edib. Bildirib ki, Hüseynbala Mirələmov 1945-ci il iyunun 25-də Lerik rayonunun Nuravud kəndində anadan olub. Azərbaycan Politexnik İnstitutunun sənaye və mülki tikinti fakültəsini bitirib. 1965-ci ildən "Azərbaycan pioneri" qəzeti redaksiyasında ədəbi işçi kimi fəaliyyətə başlayıb. 1971-ci ildən Azərbaycan Qazlaşdırma Komitəsinin 4 saylı Qaz tikinti-quraşdırma idarəsində iş icraçısı, baş mühəndis və rəis işləyib. 1986-cı ildən "Azərqaztəmirtikinti" Trestinin rəisi, 1988-ci ildən Maye Qaz İstehsalat Birliyinin rəisi, 1989-cu ildən Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini vəzifələrində çalışıb. 1996-cı ildən "Bakqaz" İstehsalat İdarəsi rəisinin müavini, 1998-ci ildən Azərbaycan Qaz Emalı Açıq Səhmdar Cəmiyyətinin sədri olub. YAP Xətai rayon təşkilatının sədridir.

2005-ci il dən 33 saylı Xətai birinci seçki dairəsindən 3 çağırışda MM-ə deputat seçilb. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvüdür. Bütün bu müddətdə H.Mirələmov bir anda olsa ədəbi fəalyyətinə ara verməyib. Lənkəranda çıxan "Leninçi" qəzetində nəşr olunan "Bir tikə çörək" hekayəsi ilə ədəbi aləmə qədəm qoyan tanınmış yazıçı çoxsaylı hekayə, povest, roman və dram əsərləri ilə böyük şöhrət qazanıb. Xüsusən də Heydər Əliyev, Zərifə Əliyeva və İlham Əliyev haqqında yazdığı və Moskvanın "Molodaya qvardiya" nəşriyyatında "Görkəmli adamların həyatı" seriyasından nəşr edilən üç kitab yazıçı kimi H.Mirələmovun geniş potensialından xəbər verir. "Güllələnmiş heykəllər", "Durnalar qayıtdı", "Gəlinlik paltarı" (roman), "Qırxıncı otaq" (roman), "Xəcalət "(pyes), "Vicdanın hökmü" (pyes) və digər əsərləri ona böyük şöhrət qazandırıb. Əsərləri dəfələrlə xarici dillərə çevrilib. H. Mirələmov Azərbaycan Mühəndislər Akademiyasının müxbir üzvü, Rusiya Mədən Akademiyasının, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm", "Qızıl dərviş", "Qızıl buta", "Abdulla Şaiq" və "Rəsul Rza" mükafatları laureatı, Fransa Sənayeçilər Assosiasiyasının "Napoleon" qızıl medalının sahibidir. MDB ölkələri üzrə 8 dəfə "İlin direktoru" adına layiq görülüb. Bu il tanınmış yazıçı, ictimai-siyasi xadim H.Mirələmov ali dövlət mükafatı-"Şöhrət" ordeni ilə təltif edilib



Sonra universitetin baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, şair Tükəzban Cahangirova çıxış edərək Hüseynbala Mirələmovun ictimai-siyasi fəaliyyəti, yaradıcılığı ilə yanaşı yüksək insani keyfiyyətlərindən danışıb. Onun həyat və fəaliyyətinin tələbələr üçün əsl örnək olduğunu diqqətə çatdırıb. Və ona həsr etdiyi şeiri oxuyub.

Görüşdə Hüseynbala Mirələmovun ssenarisi əsasında çəkilmiş filmlərdən parçalar nümayş etdirilib, tələbələrin ifasnda yazıçının əsərlərindən parçalar ifa edilib.

Tanınmış yazıçı tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Sonda H.Mirələmov çıxış edərək yüksək səviyyədə hazırlanmış görüşə görə unversitetin tələbə-müəllim heyətinə, təşkilatçılara təşəkkürünü bildirib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə