"Təəssüf ki, son zamanlar erkən nikah hallarının artması ənənə halına çevrilməkdədir və bu amil artıq sosial həyatımıza təsir göstərməklə yanaşı, ciddi narahatlıq doğurur". Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Dilarə Cəbrayılova sözügedən məsələ ilə bağlı açıqlamasında deyib.
O, bildirib ki, nikah faktoru qanunvericilikdəki tənzimlənmələrlə paralellik təşkil etməlidir: "Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə, erkən nikah 18 yaşından kiçik oğlanların və qızların ailə qurması və birgə yaşamasıdır. Məhz bu baxımdan, ailə quran tərəflərin yaşlarının rəsmi nikah üçün müəyyən olunmuş yaş həddindən aşağı olması yeni qurulmuş ailədə bir sıra sosial problemlərin yaranmasına təkan verir: "İstər tibbi nöqteyi-nəzərdən, istər sosial-məişət həyatında çətin vəziyyətlər yaranmağa başlayır. Yəni belə ailələrdə nikahın pozulması, xəstə uşaqların dünyaya gəlməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar müşahidə olunur".
"Bütün bunların qarşısı zamanında alınmalıdır"
Millət vəkili qeyd edib ki, bu məsələ sonradan milli genafondumuza da arzuolunmaz təsirlər göstərir: "Tibb baxımından erkən evlənən qızların əksəriyyətinin sağlamlığında böyük problemlər yaşanmağa başlayır. İlk növbədə isə dünyaya xəstə uşaqların gətirilməsi halları artır. Təsəvvür edin ki, bir qız həyatı yenicə anlamağa başladığı zaman ərə verilir və o, uşaq dünyaya gətirir. Sonradan həmin qızların səhhətində çox ciddi psixoloji disfunksiyalar aşkarlanır. Bütün bunların qarşısı zamanında alınmalıdır".
Dilarə Cəbrayılova erkən nikahın sonradan təhsil məsələsində də problemlər yaratdığını qeyd edib: "Məlumdur ki, erkən nikah savadsızlığın artmasına kifayət qədər böyük təsir göstərir. Belə ki, erkən nikaha daxil olan qızların əksəriyyəti nəninki ali təhsil, heç tam orta təhsil belə almırlar. Beləliklə, erkən nikaha daxil olan yeniyetmə qız gələcəkdə ali savadlı bir xanım kimi formalaşmaq imkanından məhrum olur. Heç bir təhsili olmayan xanımlar yüksək, ya da orta məvacibli işə qəbul oluna bilmirlər, nəticədə daha az maaşla işləməyə məcbur qalırlar".
"Azərbaycanda 3000-dən çox erkən nikaha daxil olan ailələr mövcuddur"
Xanım deputat qeyd edib ki, son vaxtlar valideynlərin təkidi ilə qızların erkən yaşda ailə həyatı qurması halları artıb: "Burada isə növbəti problemlər üzə çıxmağa başlayır. Məsələn, ailə həyatı qurmağa hazır olmayan yeniyetmə qız, yaxud da oğlan dünyaya gətirdikləri uşağın qulluğunda lazımi şəkildə dura, tərbiyəsi ilə məşğul ola bilmirlər. Bu isə əlbəttə ki, sonradan öz fəsadlarını ictimai həyatda da verməyə başlayır. Qanunvericiliyin və dövlət nəzarətinin sərtləşməsinə baxmayaraq, erkən nikah halları təəssüf ki, davam edir".
Millət vəkilinin sözlərinə görə, bu hal daha çox xurafatın və dini təsirlərin yüksək olduğu regionlarda nəzərə çarpır: "Bu barədə təklif irəli sürmək fikrindəyəm. Hesab edirəm ki, bəzi din xadimlərinin ölkə qanunvericiliyini pozaraq, rəsmi nikah olmadan dini nikah – kəbin bağlaması hallarının qarşısının alınması məqsədilə belə şəxslərə qarşı effektiv təsir mexanizmləri yaradılmalıdır. Bu hallara rəvac verən şəxslər qanunvericilik əsasında cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Belə olan təqdirdə bəzi din adamları bu kimi işlərdən çəkinəcək və həmin amil erkən nikah hallarının qarşısının alınması istiqamətində atılan addım kimi yardımçı olacaq. Baxın, dəqiq statistika olmasa da, artıq Azərbaycanda 3000-dən çox erkən nikaha daxil olan ailələr mövcuddur".
"Erkən nikah hallarının zorlama faktı kimi dəyərləndirmək vacibdir"
"Düşünürəm ki, artıq bu istiqamətdə həyəcan siqnalının verilməsi zamanı çatıb"- deyə vurğulayan Dilarə Cəbrayılova qeyd edib ki, erkən nikahların qurbanlarına çevrilmiş qızların müdafiəsinə yönəlmiş qanunların xüsusi pakekti hazırlanacaq.
"Erkən nikah hallarının zorlama faktı kimi dəyərləndirmək vacibdir və gələcəkdə bu halların qarşısının alınması üçün yeniyetmələri erkən nikaha zorlayan valideynləri cinayət məsuliyyətinə cəlb edilməsi mütləqdir. Erkən nikah məsələsində qanunlar sərtləşdirilməli və gələcəkdə genofondumuzun inkişafına, milli-mənəvi dəyərlərimizin pozulmasına səbəb olacaq istənilən hallara qarşı yeni təsir mexanizmləri həyata keçirilməlidir".
Rəfiqə Kamalqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB