“Xəzərin flora-faunasına ziyan dəyməyib” YENİLƏNİB

“4 quyuda yanğın davam edir”
“Xəzərin flora-faunasına ziyan dəyməyib” YENİLƏNİB

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində "Günəşli" yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəzanın ekoloji nəticələri ilə bağlı mütəxəssislərin iştirakı ilə mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, hadisə yerindən birbaşa telefon əlaqəsi ilə qoşulan Nazirliyin mütəxəssisi Mirsalam Qənbərov tərəfindən ən son məlumatlar verilib. Onun sözlərinə görə hadisədən dərhal sonra təşkil olunan Komissiyanın planına əsasən hərəkət edirlər: "Bəzi yalan məlumatlar verilir. Ərazidə 28 quyudan 21-i qaz quyusudur. Mütəmadi nümunələr götürürük. Hadisə ərazisində neft çirklənməsi yoxdur. Aidiyyatı qurumların texnikaları hazır vəziyyətdədir"

Ətraf Mühit üzrə Milli Monitorinq departamentinin direktor müavini Mətanət Abbasova bildirib ki, yanğın davam edən 7 qaz quyusundan 3-ü artıq söndürülüb: "Günəşli yatağının bütün quyularında hasilat neft-qaz üsulu ilə aparılıb. Həmin ərazi dənizin ortasında yerləşdiyi üçün güclü külək olur. Oradan hava nümunələri götürmək üçün şərait yoxdur".

Jurnalistlərin suallarını cavablandıran Xəzər Kompleks Monitorinq İdarəsinin mütəxəssisinin sözlərinə görə, hazırda da dənizdən nümunələr götürülür və flora-faunaya zərər dəyməyib: "2 dəfə avia-reyd reallaşdırmışıq. Suda neft çirklənməsi yoxdur".

Ətraf Mühitin Mühafizə Departamentinin baş mütəxəssisi Bəxtiyar Seyidov qeyd edib ki, qəza baş vermiş özül 1984-cü ildə tikilib: "İlk əvvəl 30 quyu olsa da sonradan 2 quyu ləğv olunub. 28 quyudan 21-i neft, 7-i qaz quyusudur. Neft quyularında hasilat qazla baş tutduğundan hazırda orada bütün fəaliyyət dayanıb. Yalnız mövcud 7 qaz quyusundan 4 quyuda yanğın hələ də davam edir. Yanan metan qazıdır. Atmosferə ziyan dəyməkdə davam edir"

Bütün xəbərlər Facebook səhifəmizdə