Fazil Mustafa: "Dəniz kənarını hasarlayanlar istirahət hüququnu pozurlar" AÇIQLAMA

Fazil Mustafa: "Dəniz kənarını hasarlayanlar istirahət hüququnu pozurlar" AÇIQLAMA

"Dəniz kənarlarını hasarlayanlar insanların dənizə girişinə qadağa qoyurlar. Bəziləri isə dənizə gedən çıxış yolunda hasar tikirlər və yalnız bir nəfərin keçməsi üçün gediş-gəliş yolu saxlayırlar". SİA-nın məlumatına görə, bu sözləri milllət vəkili Fazil Mustafa bu gün keçirilən Parlamentin plenar iclasında deyib. O bildirib ki, ayrı-ayrı şəxslər dəniz qıraqlarını hasarlayır, insanların hüquqlarını pozurlar: "Dəniz kənarına nəqliyyatın sərbəst hərəkət etməsi üçün yol qoyulmalıdır. Dar yollu məhəllələrin arasında tıxac yaranır. Dəniz kənarını hasarlayanlar vətəndaşların istirahət hüququnu pozurlar. Ona görə bu məsələyə prinsipial yanaşmaq lazımdır. Dənizin insanlara qarşı bağlanmasının qarışısı alınmalı, təbii sərvətin insanların əlindən alınmasına son qoyulmalıdır".

Millət vəkili Elmira Axundova isə qeyd edib ki, bu gün Abşeron, Qaradağ, Sumqayıt və bir çox yerlərdə sahilboyunda daş hasarlar tikilib: "Keçən iclaslarda Siyavuş Novruzov, Zeynəb Xanlarova bildirdilər ki, bu hasarlar sökülməlidir. Bu gün müzakirə olunan Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində göstərilənlər bundan sonra tikiləcək olanlara şamil ediləcək. Mən başa düşürəm ki, qanun geriyə şamil olunmur. Ancaq hesab edirəm ki, bu qanun çəkilmiş hasarlara da aid edilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə