Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyi tərəfindən 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə silsilə tədbirlər həyata keçirillir. Səfirlikdən SİA-ya verilən xəbərə görə, qeyd olunan tədbirlər çərçivəsində bu gün səfirliyin dəstəyi və Küveytdə fəaliyyət göstərən "Vətənsevər Dostluq Cəmiyyəti"nin təşkilatçılığı ilə birgə Küveytin "Reborn kids education academy" məktəbində "Azərbaycan küveytli uşaqların gözü ilə" adlı Beynəlxalq Gün keçirilib.
Tədbirdə Azərbaycan haqqında geniş məlumat verilib və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə təsis edildiyi və Azərbaycanın ənənəvi bayramlarından birinə çevrildiyi qeyd edilib. Bu bayramın dünya azərbaycanlılarının həmrəylik və birliyini nümayiş etdirdiyi, xalqımızın milli-mənəvi dəyərlərinə hörmət və sevgi hissləri aşıladığı, habelə ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar arasında həmrəylik və birliyin yaradılması işində mühüm rol oynadığı qeyd edilib.
İştirakçılar tərəfindən xüsusi maraqla qarşılanan tədbirdə şagirdlər Azərbaycan dilində dövlət himnimizi səsləndirib, eyni zamanda uşaq mahnılarını və Azərbaycanda ən qədim rəqs növlərindən sayılan "Yalli rəqsi"ni ifa ediblər.
Bununla yanaşı, qeyd olunan tədbirdə ölkəmizin tarixi və müasir mədəniyyət abidələri, gəzməli, görməli yerləri, tarixi məkanları və milli mənəvi sərvətlərini əks etdirən broşürlər, habelə milli geyim və mətbəx nümunələrimiz nümayiş olunub.








Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB