Şeyxülislam səfirləri qəbul etdi

Şeyxülislam səfirləri qəbul etdi

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Misir Ərəb Respublikasının və Əfqanıstanın Azərbaycandakı səfirlərini qəbul edib. QMİ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə ölkələr arasında olan tarixi əlaqələr və mənəvi yaxınlıq, dini-mənəvi əlaqələrin inkişafı müsbət dəyərləndirilib. Misir səfiri xanım Suzan Cəmil ilə görüşdə A. Paşazadə bu ölkənin Əl-Əzhar şeyxinə salamlarını və onu gələcəkdə Azərbaycanda keçiriləcək beynəlxalq tədbirlərdə görmək istəyini çatdırmağı səfirdən rica edib.

Səfir isə Azərbaycanda olduğu iki ay ərzində müşahidə etdiyi dinlərarası münasibətlərdəki tolerantlıq, müxtəlif məzhəb və dinlər arasında mövcud qardaşlıq və ehtiramdan çox məmnun olduğunu qeyd edərək, ölkəmizdə aparılan quruculuq işlərinin miqyasından danışıb.

Daha sonra Əfqanıstan səfiri Taqi Xalilini qəbul edən A. Paşazadə Azərbaycan və Əfqanıstan xalqları arasında tarixi dostluq və qardaşlıq münasibətlərindən danışıb, bu əlaqələrin inkişaf etdirilməsi arzusunda olduğunu bildirib və bu istiqamətdə fəaliyyətində səfirə uğurlar arzulayıb.

Görüşün sonunda xatirə hədiyyəsi təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə