“Hər bir vətəndaş cəmiyyətdən informasiya almaq hüququna malikdir” AÇIQLAMA

“Hər bir vətəndaş cəmiyyətdən informasiya almaq hüququna malikdir” AÇIQLAMA

"İfadə azadlığı hüququnun təmin olunması beynəlxalq qanunvericilikdə geniş təsbit olunub". SİA xəbər verir ki, bu fikirləri Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Avropa İttifaqı və Avropa Şurasının birgə təşkilatçılığı ilə "İfadə azadlığı: Jurnalistlərin təhlükəsizliyi, gender bərabərliyi və Media" mövzusunda Bakıda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 1966-cı ildə qəbul olunmuş "Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt"da bir çox hüquq və azadlıqlar göstərilib və dövlətlərin bir çoxu bunun əsasında qanunvericiliklərini formalaşdırıblar: "Azərbaycanda "Açıq Hökumətin fəaliyyətinə dair hazırlanan Plan" əsasında media azadlığının təmin olunması istiqamətində işlər görülür. Ombudsman Aparatı 13 ildir ki, fəaliyyət göstərir. 2011-ci ildən Aparatın fəaliyyətində ifadə azadlığı, gender bərabərliyi məsələləri ilə bağlı müsbət yöndə nəzərəçarpan dəyişiklər olub. Ölkə üzrə hazırlanmış Milli Fəaliyyət Planında bu sahələr üzrə 3 əsas vəzifə göstərilib. Birinci, KİV-in azadlığı ilə bağlı təlimlərin keçirilməsi, ikinci şəxslərin təqsirsizliklə bağlı maarifləndirilməsi, üçüncüsü isə media azadlığı ilə bağlı qanunvericilik əsasları barədə məlumatlandırmaq".

Azərbaycan dövlətinin öz vətəndaşının müxtəlif mənbələrdən informasiya əldə etmək hüququnu təmin etdiyini deyən Aydın Səfixanlı bunun mövcud əsaslarını da vurğulayıb: "KİV sahəsində 30-a yaxın təşkilat fəaliyyət göstərir. Paytaxtda və bölgələrdə 23 mətbuat yayım mərkəzi mövcuddur. Ölkədə 100 nəfərdən 20-nin kompüteri var. Azərbaycan əhalisinin 55% genişsürətli internetdən istifadə edir. Son illərdə Azərbaycanda 2,5 milyon nəfər sosial şəbəkələrdən yararlanır. Ölkədə 300-ə yaxın xəbər və analitik-informasiya internet saytı fəaliyyət göstərir".

Bütün xəbərlər Facebook səhifəmizdə