“Sosial şəbəkələr mövcud ictimai fikrə daha çox təsir göstərir” AÇIQLAMA
"Hazırda dünyada, o cümlədən Azərbaycan mediasında yeni bir forma olan internet jurnalistikası daha aktualdır". SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Avropa İttifaqı və Avropa Şurasının birgə təşkilatçılığı ilə "İfadə azadlığı: Jurnalistlərin təhlükəsizliyi, gender bərabərliyi və Media" mövzusunda Bakıda keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə görə, Azərbaycan Mətbuat Şurası Avropa İttifaqı və Avropa Şurası ilə uzun müddətdir əməkdaşlığı davam etdirir: "Bu əməkdaşlıq jurnalistlərin, KİV nümayəndələrinin daha məsuliyyətli olmasına xidmət edir. Azərbaycan Respublikası 2002-ci ildə Avropa İnsan Hüquqları Konvensiyasına qoşulub. Konvensiyanın 10-cu maddəsinə uyğun olaraq Avropa Şurasının bütün üzv dövlətləri, o cümlədən Azərbaycan onların yurisdiksiyası daxilində hər kəsin informasiya və öz fikrini ifadə etmək azadlığı hüququnu qoruma öhdəliyini götürüb. Hər bir jurnalist məlumat əldə etmək, toplamaq, hazırlamaq və yaymaq hüququna malikdir. Senzura yolverilməzdir".
Əflatun Amaşov bildirib ki, etiraz aksiyaları, hərbi əməliyyatlar zamanı jurnalistlərin təhlükəsizliyini qorumaq üçün Azərbaycan Mətbuat Şurası monitorinq qrupları yaradıb: "Azərbaycan müharibə vəziyyətində olan dövlətdir. Torpaqlarımızın 20%-i işğal altındadır. 1 milyondan artıq qaçqın və məcburi köçkünlərimiz var. Monitorinq qruplarının üzvləri jurnalistlərin həmin çətin vəziyyətlərdə və məlumat almasına yaradılan manelərin aradan qaldırılmasında yaxından iştirak edirlər. Ermənistanla mütəmadi olaraq vəziyyətin gərginləşməsi və digər hallar barədə KİV nümayəndələri ictimaiyyətə düzgün və dəqiq məlumat verməlidirlər. Döyüş bölgələrinə yollanan jurnalistlərin təhlükəsizliyinin təmin olunması ilə bağlı Mətbuat Şurası olaraq Müdafiə Nazirliyi ilə sıx əlaqədəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB