FHN-də kollegiya iclası keçirilib

FHN-də kollegiya iclası keçirilib

Dekabrın 16-da Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10-cu ildönümü və işçilərinin peşə bayramı münasibətilə geniş Kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, əvvəlcə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə nazirliyin kollektivi Fəxri Xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üstünə tər çiçəklər düzülüb.

Daha sonra Şəhidlər Xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən oğullarının xatirəsi anılmış, məzarları üzərinə gül dəstələri qoyulub.

Fövqəladə Hallar Nazirliyində keçirilən geniş Kollegiya iclasında, əvvəlcə, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həyatlarını itirmiş neftçilərin və qəzanın nəticələrinin aradan qaldırılması işlərində qəhrəmancasına iştirak etmiş nazirliyin "Vixr-9" yanğınsöndürmə gəmisinin komandiri daxili xidmət polkovnik-leytenantı Vyaçeslav Kryuçkovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Geniş Kollegiya iclasını açıq elan edən fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10-cu ildönümü və peşə bayramı münasibətilə şəxsi heyəti təbrik edərək, uğurlar arzulayıb.

Nazir Kəmaləddin Heydərov ötən 10 il ərzində nazirliyin fəaliyyət istiqamətlərinə uyğun görülmüş işlər, həyata keçirilmiş tədirlər və qarşıda duran vəzifələrdən danışıb, nazirliyə göstərdiyi yüksək diqqət və qayğıya görə ölkə başçısına səxsi heyət adından dərin təşəkkürünü bildirib.

Sonra nazirliyin bir qrup əməkdaşına ali hərbi rütbə, orden və medalların verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlar oxunub.

Xidmətdə fərqlənən əməkdaşların həvəsləndirmə tədbirləri haqqında Fövqəladə Hallar Nazirliyinin əmri barədə də məlumat verilib.

Sonda iclas iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə