Saatlıda regional konfrans başa çatıb

Saatlıda regional konfrans başa çatıb

Dekabrın 16-da Saatlı rayonundakı Gənclər Mərkəzində "Ənənəvi İslam dəyərləri və müasirlik" mövzusunda keçirilən ikigünlük regional konfrans başa çatıb. Regionda fəaliyyət göstərən dini icma sədrlərinin, ağsaqqalların, axundların, eləcə də fəal dindarların iştirak etdiyi konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkilindən, mövcud imkanlardan və perspektivlərdən danışıb. Komitənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, DQİDK-nın şöbə müdiri radikalizmlə mübarizədə dini icmaları fəal olmağa çağrıb. Ə. Zülfüqarov qeyd edib ki, Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır və bu sahədə ən effektiv vasitə maarifləndirmə işidir.

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev dini icmaların radikal təsirlərdən qorunması məsələlərindən bəhs edərək bildirib ki, gənclərin radikal cərəyanların təsirindən qorunması, dini baxışlarının sağlam müstəvidə formalaşdırılması və din xadimlərinin məlumatlandırılması üçün bu cür maarifləndirici tədbirlərə ehtiyac var.

Saatlı rayon Ağsaqallar Şurasının sədri Adil Nağıyev isə rayon ağsaqqallarının dini radikalizmlə mübarizədə hər zaman dövlətin yanında olduqlarını diqqətə çatdırıb.

Konfransda çıxış edən Saatlı şəhər Cümə məscidinin axundu, bölgə qazısı Vadər Əliquliyev bölgədəki dini durum barədə geniş məlumat verib.

Bununla da ikigünlük regional konfrans öz işini başa çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə