Hicran Hüseynova: “Erkən nikahlar cəmiyyət üçün qeyri-sağlam nəsil yetişdirir” AÇIQLAMA

Hicran Hüseynova: “Erkən nikahlar cəmiyyət üçün qeyri-sağlam nəsil yetişdirir” AÇIQLAMA

"Gənc qızların əsl vətəndaş kimi yetişməsi üçün dövlətlə bərabər cəmiyyət də məsuliyyət daşıyır". SİA xəbər verir ki, bu fikirləri Bakıda keçirilən "Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi" mövzusunda beynəlxalq konfransda Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, ölkəmizdə qızların təhsildən yayınması halları var: "Azərbaycan 1992-ci ildə BMT-nin İnsan Hüquqları Konvensiyasına qoşulub. Bununla bağlı milli konsepsiyamız var. Ənənəvi keçirilən uşaq forumları vasitəsilə azyaşlılar dövlət rəsmilərinə öz arzu və istəklərini çatdıra bilirlər. Uşaqların təhsildən yayınması və erkən nikahlara cəlb olunması böyük fəsadlara gətirib çıxara bilər. Nardaranda baş verən hadisələr göstərdi ki, uşaqların savadsızlığından istifadə edərək onları dini-ekstremist qrupların qurbanlarına çevirirlər. Valideynlər bu məsələdə diqqətli olmalıdır".

Hicran Hüseynova bildirib ki, son zamanlar Bakının bəzi kəndlərində erkən nikahların sayı artıb: "Bunun üçün həmin yerlər müəyyən edilərək maarifləndirmə işləri aparılmalıdır. Komitə tərəfindən 30 minə yaxın ailəyə, 70 minə yaxın məktəb və digər təhsil ocaqlarına erkən nikahla bağlı maarifləndirici bukletlər göndərilib. Ölkə başçısının sərəncamı ilə uşaq hüquqlarına nəzarətin gücləndirilməsi üçün nəzarət qrupları yaradılıb. Uşaq və gənc qızlarla bağlı "Azərbaycan 2020-gələcəyə baxış" Konsepsiyasında uşaq və Azərbaycan ailəsi strategiyası əsasında bir çox məsələlər müzakirəyə çıxarılıb. Belə neqativ hallarla bağlı biz hər il monitorinqlər keçiririk".

Bütün xəbərlər Facebook səhifəmizdə