“Qanunun aliliyi ənənələrdən aşağı tutulan ölkədə neqativ hallar qaçılmazdır” AÇIQLAMA
"Dünyada gedən inkişafa mane olan səbəblər sırasında erkən nikahlar da var". SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Milli Məclis sədrinin müavini, MM-in insan hüquqları komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən "Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi" mövzusunda beynəlxalq konfransda deyib.
Bahar Muradova bildirib ki, erkən nikahların baş verməsinin mədəni-psixoloji, sosial-iqtisadi səbəbləri mövcuddur: "Bu neqativ haldan uşaqlar bizlərdən də çox narahatdırlar. Təəssüf ki, bəzi hallarda bu kimi məsələlərə qarşı tolerant mövqe sərgilənir, bəzən də ikinci, üçüncü plana salınır. Azərbaycan hökuməti insan hüquqlarının, xüsusilə də qadın və uşaqların hüquqlarının qorunmasına prioritet istiqamət kimi baxır. Azərbaycan Parlamenti qadın-nikah məsələləri ilə bağlı ciddi qanunlar qəbul edib. Hansı bir ölkədə qanunun aliliyi ənənələrdən aşağı tutulursa, orada neqativ hallar geniş vüsət alır. Azərbaycanda ailə uzun müddət qapalı qurum rolunda çıxış edib. Hər bir məsələ bu qurum daxilindən kənara çıxa bilməzdi. Bu gün Azərbaycan ailəsində islam ənənələri üstün olsa da, bundan əvvəlki ənənələrimiz də yaşadılmaqdadır".
"Dünyada gedən neqativ tendensiyalar bizi daha ciddi qərarlar verməyə məcbur edir"- deyən Bahar Muradova konfransda iştirak edən ölkələrin də bu kimi hallara qarşı mübarizədə təcrübəsinin öyrənilməsinin vacibliyinə toxunub: "Azərbaycanda erkən nikahların bağlanmasının bir səbəbi də ailə vəziyyəti ilə əlaqədardır. Düşünürəm ki, fiziki yetkinliklə yanaşı, əqli yetkinliyi də nəzərə almaq lazımdır. Xüsusilə valideynlər bu məsələdə daha diqqətli olmalıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB