"Bəzi bölgələrimizdə, xüsusilə də qız uşaqları yuxarı siniflərdə məktəbə buraxılmır və ya kənd yerlərində uşaqlar məktəbdən kənarlaşdırılaraq təsərrüfat işlərinə sövq edilir. Bu baxımdan belə bir qanunun tətbiqində pis heç nə yoxdur". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev bir ay ərzində yeddi dərs günü buraxan şagirdlərin valideynlərinin 100 manat dəyərində cərimə ödəməsi ilə bağlı yeni qanun layihəsini şərh edərkən deyib.
Musa Quliyev bildirib ki, bu maddənin İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi "Təhsil haqqında" qanunun tələbləri ilə bağlıdır: "Bu qanunun müvafiq maddəsində göstərilir ki, şagirdin məktəbə getməsi və davamiyyətinə görə valideyn məsuliyyət daşıyır. Həmin məsuliyyət həddi İnzibati Xətalar Məcəlləsində bir ay ərzində yeddi dərs günü buraxan şagirdin valideyninin 100 manat məbləğində cərimə ödəməsi ilə müəyyənləşib. Bu həm şagirdin təhsil davamiyyətini, həm onun təhsil məsuliyyətini, həm də valideyn məsuliyyətini artıram bir məsələdir. Belə olduğu halda burada heç bir neqativ hal yoxdur".
Məsələyə başqa bir aspektdən də yanaşan millət vəkilinin sözlərinə görə, Azərbaycanın bəzi bölgələrində, xüsusilə də qız uşaqları yuxarı siniflərdə məktəbə buraxılmır. Musa Quliyev məhz bu cəhətdən belə bir qanunun tətbiqini düzgün sayır: "Bəzən kənd yerlərində uşaqlar məktəbdən kənarlaşdırılaraq təsərrüfat işlərinə sövq edilir. Bu və ya bu kimi faktların olması uşaqların təhsil keyfiyyətinə mane olur. Buna görə də haqqında danışdığımız qanunun tətbiqi məktəblilərin keyfiyyətli şəkildə öz dərslərini davam etdirmələrinə kömək ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB