"Spirtli içkilər və tütün məhsulları kartla satılsa..." Açıqlama

"Yanvar ayından bəzi problemlər yaşanacaq"
"Spirtli içkilər və tütün məhsulları kartla satılsa..." Açıqlama

"Gələn ilin yanvar ayından etibarən bu məsələ ilə bağlı problemlər yaşanmağa başlayacaq". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli spirtli içkilərin və tütün məhsullarının nağd satışının qadağan edilməsi ilə bağlı qanun layihəsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Avropa ölkələrində ticarət dövriyyəsinin 90 faizi kart vasitəsilə həyata keçirilir və əslində normal bank sisteminə malik olan ölkələrin əksəriyyətinin ticarət dövriyyəsini əsasən nağdsız alış-veriş təşkil edir: "Azərbaycanda spirti içkilərin və tütün məhsullarının kart vasitəsilə satılması üçün müəyyən hazırlıq işləri aparılmalı idi. Lakin bu hazırlıq işləri aparılmadığına görə, qanunun tətbiqi insanlara müəyyən problemlər yaradacaq.

İnsanlar əvvəlcə kartla alış-veriş etməyin üstünlüklərini təşviq edən proqramlar vasitəsilə kartdan istifadə qaydalarını öyrənməli və tədricən ondan istifadə etməyə başlamalı idilər. Təşviq proqramları vasitəsilə insanlar nağdsız alış-verişə öyrəşə bilərlər. Buna görə də, qanun layihəsi ilə bağlı ciddi addımlar atılmalı idi".

Gələn ilin yanvar ayından etibarən insanların müəyyən problemlər yaşayacağını vurğulayan ekspert bildirib ki, bu qanundan bir çoxlarının xəbəri olmadığından və ya xəbəri olan şəxslərin bir çoxunun kartı olmadığından alış-veriş edərkən bir sıra problemlər yaşanacaq: "Bununla bağlı kommersiya təşkilatlarının ticarət şəbəkələrində də müəyyən problemlər yaranacaq. Bu vəziyyətdən çıxmaq üçün sahibkarlar özünə məxsus addımlara da əl ata bilərlər. Məsələn, hər hansı bir mağaza sahibi öz adına və ya yaxınının adına həmişə kassada kart saxlamaqla kartı olmayan alıcıdan nağd pul alıb onun əvəzinə kartı keçirə bilər və burada heç bir qanun pozuntusu olmaz. Yanvardan sonra da məhz bu kimi problemlər yaşana bilər.

Lakin təbii ki, ticarət dövriyyəsinin artırılması və şəffaflıq nöqteyi-nəzərindən nağdsız alış-verişin tətbiqi və genişləndirilməsi çox yaxşı bir haldır".

Bütün xəbərlər Facebook səhifəmizdə