İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər barədə sizi məlumatlandırmağa davam edirik. Bu dəfə enerji oğurluğuna görə cərimələrin artırılmasından, fiziki təzyiq göstərməyə görə həbs müddətinin uzadılmasından və qanunsuz vəkillik fəaliyyəti ilə məşğul olmağa görə cəzaların artırılmasından danışacağıq.
Təbii qaz, elektrik və istilik enerjisindən qanunsuz istifadəyə görə cərimələrin miqdarı 10 dəfəyədək artırılır. Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Təklifə əsasən, təbii qaz, enerji və istiliyin talanmasına görə fiziki şəxslər 30-40 manat cərimə ödəyirdisə, bundan sonra bu rəqəm 100-150 manat arasında dəyişəcək. Vəzifəli şəxslər üçün isə cərimənin miqdarı 800-1000 manat, hüquqi şəxslər üçün 10 dəfə artırılaraq 2000-2500 manat təşkil edəcək.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərdən biri də fiziki təzyiq göstərməyə görə həbs müddətinin uzadılması ilə bağlıdır. Yeni dəyişikliyə əsasən, fiziki təzyiq göstərən şəxsə 2 ay həbs müddəti veriləcək.
Qanunsuz şəkildə vəkil adından istifadə edənlərin də cəriməsi artırılır. Yeni məcəlləyə əsasən, vəkil statusu əldə etməyən şəxsin bu addan qanunsuz istifadə etməsinə görə ona tətbiq olunan cərimə 7-10 dəfə artırılacaq.
Qanunsuz vəkillik fəaliyyətinə görə fiziki şəxslər əvvəllər 30 manatdan 40 manatdək cərimlənirdisə, yeni məcəllədə bu məbləğ 200-300 manat təşkil edəcək. Vəzifəli şəxslərin cəriməsi isə 7-9 dəfə artırılaraq, 800-1000 manat təşkil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB