Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi yüksək diqqət və qayğı barədə SİA-ya fikirlərini açıqlayan Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədr müavini, Ofis rəhbəri Əli Pənahov bildirib ki, bu gün Azərbaycan gəncləri elmi-texniki tərəqqidən ən yüksək səviyyədə yararlana bilirsə, məhz buna görə Ulu Öndər Heydər Əliyevə borcludurlar:
"Bəzi insanlar doğulur, amma ölmür. Ulu Öndərimiz Heydər Əliyev də məhz belə insanlardandır. O, ölməzdir. O insan ölür ki, onun haqqında danışan ən son insan da ölür. Nə qədər ki onun dühası bizim üzərimizdədir, nə qədər ki onun adı bizim qəlbimizdədir, nə qədər ki biz onun müdrik kəlamları ilə həyatda düzgün yol seçirik və onun məktəbinin təlimlərini keçirik o böyük dahi şəxsiyyət qəlblərdə yaşayacaq. Onun atdığı hər addım, dediyi hər söz, söylədiyi hər nitq ayrı bir məktəbdir, ayrı bir elmdir. Biz həmin məktəbin sadəcə şagirdləriyik və nələrsə öyrənməyə çalışırıq. Azərbaycanın keşməkeşli günlərində Ulu Öndər Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə gəlib. Həmin vaxtlarda zərurətdən yaranan Yeni Azərbaycan Partiyasını qurub. Bu partiya ilk öncələr müxalifət partiyası kimi yaransa da sonradan xalqın dəstəyi ilə iqtidar partiyasına çevrilib. Ulu Öndər o zamanlardan başlayaraq gəncləri öz ətrafına toplayaraq, ümumilikdə hakimiyyətdə gəncləşmə siyasəti aparıb. Müasir düşüncəli, enerjili, biliklər qazanaraq güclərini sərf edə biləcək gənclərə böyük yer ayıraraq, onlara inanaraq ayrı-ayrı vəzifələri etibar edib. Gənclər də bu böyük inamdan doğan məsuliyyəti doğrultmaq üçün var gücləri ilə bu gün də çalışır. Azərbaycanda gənclərlə işləyən qurumlar yaradılıb. Həmin qurumlar tərəfindən bu gün də gənclərin ideyaları, düşüncələri qiymətləndirilir. Gənclər gününün elan olunması, forumların keçirilməsi, Dövlət gənclər Proqramlarının qəbul olunaraq həyata keçirilməsi, gənclərimizin xaricdə təhsil Proqramlarının qəbul olunaraq reallaşdırılması bütün bunlar Ulu Öndər tərəfindən Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğının bariz nümunələridir. Biz xoşbəxt gəncliyik ki, bu gün Azərbaycanın inkişaf və inteqrasiya dövründə yaşayırıq".
"Biz gənclər Azərbaycanın çətin və ağır günlərinin şahidi olmamışıq. Yaşadığımız bu günkü gündə ölkəmiz güclənir, inkişaf edir, müasirləşir, dünyada gedən proseslərdə hesablaşılacaq qüvvəyə çevrilir. Bütün bunlara görə gənclər olaraq Ulu Öndər Heydər Əliyevin mənəvi və siyasi varisi, ölkə Prezidentimiz cənab İlham Əliyevə təşəkkür etməliyik. Hər bir ölkənin rəhbəri var amma hər ölkənin lideri yoxdur. Biz həm də ona görə xoşbəxt gəncliyik ki, bizim Heydər Əliyev kimi Ümummilli Liderimiz, İlham Əliyev kimi Liderimiz var. Azərbaycan gəncliyi öz Liderinin ətrafında birləşə biləcək qüdrətə sahibdir".
"Ulu Öndərin həyat yolu, yaradıcılığı təkrarolunmazdır və o qədər zəngindir ki, illərlə danışsaq da bitməz-tükənməzdir. Mən çox xoşbəxt gəncəm ki, uşaqlıq vaxtımda Ümummilli Liderimiz Heydər Əliyevlə ünsiyyətdə olmuşam. O, mənim başıma sığal çəkərək "Uşaqlar bizim gələcəyimizdir. Biz onları qorumalıyıq" deyib. Bu mənim həyatımda unudulmaz an olub. Mən Ulu Öndər Heydər Əliyevin ruhu qarşısında baş əyirəm. Tək mənim yox, bütün gənclərimizin mənəvi borcudur ki, Onun adını daim uca tutsun. O böyük şəxsiyyətin ömrünü həsr etdiyi şah əsəri olan Azərbaycanın müstəqilliyini qorumaq hər bir azərbaycanlının müqəddəs vəzifəsidir. Azərbaycan var olduqca Ulu Öndər yaşayacaqdır!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB