Lənkəranda Ulu Öndərin anım gününə həsr olunmuş tədbir keçirilib

Lənkəranda Ulu Öndərin anım gününə həsr olunmuş tədbir keçirilib

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Ümummilli Liderin xatirəsinə həsr olunmuş "Tarix yaradan şəxsiyyət" adlı anım tədbiri keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, iştirakçılar öncə Ulu Öndərin büstünü ziyarət etmiş, onun ictimai –siyasi fəaliy yətini əks etdirən ekspozisiya və sənədli filmlə tanış olublar.

Tədbirdə Mərkəzin direktoru S.Şəfiyeva və baş mühafiz A.İbrahimova H.Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı titanik xidmətlərindən danışıblar. Qeyd olunub ki,bəşər tarixində bir çox şəxsiyyətlərin həyat və fəaliyyəti bütöv bir xalqın, dövlətin inkişaf yolunda müstəsna rol oynayıb. Belə nadir şəxsiyyətlərdən biri də ötən əsrin və yeni minilliyin görkəmli siyasi və dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu Öndərin fəaliyyəti dünya siyasət sənətinin xəzinəsinə daxil olub, onun adı Azərbaycan xalqının rəmzinə, keçdiyi ömür yolu doğma torpağa məhəbbət və sədaqət meyarına çevrilib. Tədbirdə bir mənalı olaraq vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin ilk dəfə hakimiyyətdə olduğu 1969–1982–ci illər Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edib. Bu illər tariximizə siyasi, iqtisadi, mədəni və mənəvi yüksəliş dövrü kimi daxil olub. Dövlət həyatının bütün sahələrində misli görünməmiş canlanma baş verib, qısa müddət ərzində ölkə əsrə bərabər inkişaf yolu keçib. Bu mənada azərbaycançılığın ən parlaq səhifələri də elə həmin illərdən etibarən yazılıb. Azərbaycanın müstəqil bir dövlət kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai–siyasi, sosial–iqtisadi, elmi–mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranıb. Ulu Öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılıb. Ulu Öndərin düzgün qurduğu daxili və xarici siyasətin nəticəsidir ki, bu gün müstəqil Azərbaycan beynəlxalq aləmdə qüdrətli, zəngin, demokratik ölkə kimi mövqeyini günbəgün möhkəmləndirməkdədir. Həyata keçirilən düzgün və düşünülmüş siyasət nəticəsində ölkəmizin beynəlxalq imici də getdikcə yüksəlmiş və möhkəmlənmişdir.

Bu uğurların əsasını qoymuş ulu öndər Heydər Əliyevin adı xalqımızın qəlbində daim yaşayacaqdır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə