AHTM-nin 23 illiyi qeyd edildi FOTOLAR

AHTM-nin 23 illiyi qeyd edildi FOTOLAR

2015-ci il dekabrın 10-da saat 1100-da Azərbaycan Hərb Tarixi Muzeyinin (AHTM) yaradılmasının 23 illiyi münasibəti ilə tədbir keçirilib. Qurumdan SİA-ya verilən xəbərə görə, Azərbaycan Hərb Tarixi Muzeyi 29 oktyabr 1992-ci il tarixində keçmiş Salyan kazarması deyilən, indiki Qızıl Şərq hərbi şəhərciyi adlandırılan ərazidə yerləşən Müstəqil Dövlətlər Birliyinin IV Ordu Qarnizonunun "Döyüş şöhrəti" muzeyinin bazasında yaradılmış və Azərbaycan Respublikası Müdafiə Nazirinin 418 saylı əmrinə əsasən 10 dekabr 1992-ci ildə təşkil olunub.

Muzeyin fəaliyyətinə növbəti təkan 2004-cü ildə yeni inşa olunmuş binaya köçürüldükdən sonra verildi və müdafiə nazirinin 12 iyul 2004-cü il tarixli 324 № -li əmrinə əsasən 3 gün ərzində Açıq Səma altında ekspozisiya yaradıldı. Burada Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə və Hərbi Dəniz Qüvvələrinə aid müxtəlif növ hərbi texnika nümayiş etdirmək üçün yerləşdirildi və abadlaşdırma işləri aparıldı.

Azərbaycan Hərb Tarixi Muzeyi Müdafiə Naziri general- polkovnik Zakir Həsənovun 1 yanvar 2015-ci il tarixdə imzaladığı "AHTM-in Əsasnaməsinə", "Muzey haqqında qanuna", Müdafiə nazirinin əmrlərinə, Baş Qərargah rəisinin sərəncamlarına, Mədəniyyət və Turizm Nazirliyinin təlimatlarına uyğun olaraq fəaliyyət göstərir.

Tədbirdə Müdafiə Nazirliyinin Şəxsi Heyət baş idarəsinin Mənəvi- psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin, Hərbi Təhsil İdarəsinin, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin, Hərb oyunları Mərkəzinin, MN Birləşmiş Həmkarlar Komitəsinin, Hərbi Akademiyanın, Təlim Tədris Mərkəzinin, C.Naxçıvanski adına Hərbi Liseyin nümayəndələri iştirak edib.

Tədbirdə AHTM-in 23 illik fəaliyyətinə həsr olunmuş videorolik nümayiş etdirilmiş və Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi e.o.polkovnik Əzizağa Qəni-zadənin məruzəsi, tədbirin aparıcıları ekspozisiya rəisi Şəlalə xanım Hüseynova və tədqiqatçı- elmi işçi Sevər Həsənovanın və tədbirdə iştirak edən digər qonaqların çıxışları dinlənilib.

Müdafiə Nazirliyinin Şəxsi Heyət baş idarəsinin Mənəvi-psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin nümayəndəsi polkovnik-leytenant Qarayev Rövşən öz çıxışında muzey ilə bağlı yüksək fikirlərini bildirib,muzeyin fəaliyyəti və muzeydə keçirilən tədbirlərin təqdirəlayiq olduğunu vurğulayıb.

Tədbir Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin nəzdində fəaliyyət göstərən "Mahnı və rəqs ansanblı"nın kollektivinin konserti ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə