"Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" Qanunda və "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında" Əsasnamədə dəyişikliklər edilməsi təklif olunur. SİA-nın məlumatına görə, təklif Milli Məclisin bu gün keçirilən Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirə olunub. Komitə sədri Aqiyə Naxçıvanlı qeyd edib ki, dəyişiklik sözügedən qanunun İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliyə uyğunlaşdırılması üçün nəzərdə tutulub. O deyib ki, İnzibati Xətalar Məcəlləsinin 51.1-ci maddəsində bildirilir ki, yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzürlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə, xəbərdarlıq edilir və ya qırx manatdan altmış manatadək miqdarda cərimə edilir.
Komitə sədri vurğulayıb ki, İnzibati Xətalar Məcəlləsi ilə uyğunlaşdırmaq məqsədilə "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" Qanunun 1.0.5-ci və 5.2-ci maddələrinə "öz vəzifələrini" sözlərindən sonra, "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında" Əsasnamənin isə 10-cu maddəsinin birinci hissəsinin birinci abzasına "öz vəzifələrini" sözlərindən sonra "üzürlü səbəblər olmadan" sözlərinin əlavə edilməsi təklif olunur.
Qeyd edək ki, təklif olunan dəyiklikliyə görə, valideynləri və ya digər qanuni nümayəndələri yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini üzürlü səbəblər olmadan yerinə yetirməyən və onların davranışına mənfi təsir göstərən və ya onlarla qəddar rəftar edən ailə sosial təhlükəli vəziyyətdə olan ailə-uşaqları sosial təhlükəli vəziyyətdə olan ailədir.
Yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanılması üzrə öz vəzifələrini üzürlü səbəblər olmadan yerinə yetirmədikdə və ya onların davranışına mənfi təsir göstərdikdə, yaxud onlarla qəddar rəftar etdikdə valideynlər və ya digər qanuni nümayəndələr barəsində də yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikasını həyata keçirən orqan və müəssisələr fərdi profilaktik iş aparır.
Yetkinlik yaşına çatmayanların təlim-tərbiyəsi və saxlanılması sahəsində öz vəzifələrini üzürlü səbəblər olmadan icra etməyən, yaxud onların davranışına mənfi təsir göstərən valideynlər və ya digər qanuni nümayəndələrə komissiyalar xəbərdarlıq edə, yetkinlik yaşına çatmayanlar tərəfindən vurulan və otuz üç manatdan artıq olmayan məbləğdə maddi ziyanın ödənilməsini tələb edə, valideynlik hüququnun məhdudlaşdırılması və ya valideynlik hüququndan məhrum edilməsi, yaxud övladlığa götürmənin ləğv edilməsi barədə məhkəməyə müraciət edə, hərəkətləri və ya davranışları ilə yetkinlik yaşına çatmayanın həyatını və ya səhhətini real təhlükə altında qoyduqda qanuni nümayəndələrindən yetkinlik yaşına çatmayanın dərhal alınması üçün qəyyumluq və himayə orqanına müraciət edə bilər.
Xəbərdarlıq etmək barədə komissiyanın çıxardığı qərar bir il müddətində qüvvədə qalır. Komissiya lazım bildikdə bu intizam təsir tədbirini birillik müddət başa çatmamış öz qərarı ilə ləğv edə bilər.
Millət vəkillərinin müzakirəsindən sonra dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB