Bu gün daxili işlər naziri, general-polkovnik RAmil Usubov kütləvi informasiya vasitələrində öncədən verilmiş elana uyğun olaraq, Çevik Polis Alayında Bakı Şəhər Baş Polis İdarəsinin tabeçiliyindəki orqan və hissələrdə vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, aidiyyəti baş idarə, idarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. Ümumən, 1300 iddiaçının arasından daha hazırlıqlı olan 280 nəfərin daxili işlər orqanlarında xidmətə qəbul olunmaları üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilib.
Namizədlərə müraciətlə çıxış edən R.Usubov Azərbaycanın cinayətkarlığa qarşı mübarizədə və əmin-amanlığın qorunması sahəsində öncül dövlətlərdən olduğunu bildirib. Polis peşəsinin çətin və həm də şərəfli olduğunu diqqətə çatdıran nazir namizədlərə gələcək xidmətlərində uğurlar arzulayıb və əmin olduğunu deyib ki, onlar daxili işlər orqanlarının ən yaxşı ənənələrini davam etdirərək qarşıya qoyulan bütün tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, vətəninə, xalqına və prezidentinə sədaqətlə xidmət edəcək, cinayətkarlığa qarşı qətiyyətli və prinsipial olacaq, peşəkarlıqlarını daim artıracaq, respublikamızda sabitliyin dönməzliyinin təminində, əmin-amanlığın nümunəvi qorunmasında səylərini əsirgəməyəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB