Daha iki kəndə qaz verilib

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq, dekabrın 9-da Ağcabədi və Şəki rayonlarının daha 2 kəndinə təbii qaz verilib. SİA-nın Dövlət Neft Şirkətinə istinadən verdiyi xəbərə görə, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ağcabədi rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 138 abonenti olan Böyük Kəhrizli kəndinə təbii qaz verilişinin bərpa edilməsi zamanı birpilləli sistem əsasında 9356 metrlik müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Şəki rayonunun 200 abonentlik Dərəcənnət kəndi də yenidən qazlaşdırılıb. Bununla əlaqədar keçirilmiş mərasimdə qeyd olunub ki, qazlaşdırılma işlərində 17,2 kilometrdən artıq polietilen və metal borulardan istifadə edilmiş, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Tədbirlərdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə