İcra başçısının güllü fotosu ilə bağlı 3-cü açıqlama Bu dəfə ANS-ə qarşı (FOTOLAR)
Salyan rayonunun icra başçısı Tahir Kərimovun mediada gül altından keçərkən yayılan fotoları ilə bağlı İcra Hakimiyyəti bu gün daha bir açıqlama yayıb. İH başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Cəbrayılovun adından daxil olan açıqlamada bildirilir ki, 8 dekabr 2015-ci il tarixdə sosial şəbəkələrdə və elektron informasiya vasitələrində Salyan rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimovun fotosu qərəzli olaraq məqsədli şəkildə müzakirəyə çıxarılıb: "Təəssüf hissi ilə bildiririk ki, 2014-cü ildə Salyan şəhərində keçirilmiş Gül bayramında çəkilmiş və həmin vaxtdan Salyan rayon İcra hakimiyyətinin rəsmi saytında yerləşdirilmiş bu şəkil 1 il 6 aydan sonra kimlər tərəfindənsə məqsədli şəkildə, təhrif edilməklə sosial şəbəkələrə ötürülmüş və müzakirə olunmağa, aidiyyəti oldu-olmadı şərhlər verilməyə başlanılılıb.
Sonradan bu şəkil saytlara və "İnformasiya sahəsində dəqiqlik, qərəzsizlik və vicdanlılıq prinsiplərinə əsaslanan" ANS televiziyasında müzakirə olunmağa başlanıb.
Yuxarıda bildirildiyi kimi qeyd olunan şəkil 9 may 2014-cü ildə Gül bayramı ilə bağlı keçirilmiş tədbir zamanı çəkilib.
Tədbir rayon Təhsil şöbəsi tərəfindən hazırlanıb. Ssenariyə uyğun olaraq iştirakçılar məktəblilər tərəfindən təşkil olunmuş Gül çələngindən keçərək tədbirə qatılmalıdırlar.
Rayon rəhbəri kimi keçirilən tədbirə, təşkilatçılara, tədbir iştirakçılarına hörmət əlaməti olaraq RİH başçısı yanında Şura üzvləri ilə birgə Gül çələngindən keçmiş və tədbirə qatılıb.
Tədbirdə rayon məktəbliləri, təhsil müəssisələri güllərdən hazırlanmış eksponatlarını təqdim etmiş və əl işləri barədə məlumat veriblər.
Rayon İcra hakimiyyəti olaraq keçirdiyimiz digər tədbirlər kimi Gül bayramında çəkilmiş şəkilləri də rəsmi saytımızda yerləşdirib və istənilən şəxsin sayta girməklə tədbir barədə məlumat almasını məqsədəmüvafiq hesab etmişik.
Bildiririk ki, Salyan rayon İcra hakimiyyəti həmişə mətbuata açıq olmuş, mətbuat nümayəndələrinin rayonda aparılan işlərin işıqlandırılması istiqamətində daim lazımi şərait yaradılıb.
2012-ci ilin mart ayının 9-da şəhər mərkəzində, kütləvi informasiya vasitələri üçün mətbuat konfransı, 2013-cü ilin dekabr ayında isə kütləvi informasiya vasitələrinin rəhbərləri ilə rayon İcra hakimiyyətində görüş keçirilib. Görüşdə belə bir fikir yekdilliklə ifadə olunub ki, vətəndaşların tam, doğru-dürüst və operativ informasiya almaq hüququnu hər iki tərəf gözləməli, heç bir halda bu hüququn pozulmasına yol verilməməlidir.
Lakin, rayon İcra hakimiyyəti tərəfindən atılan addımlara baxmayaraq yenə də elektron informasiya vasitələrində qərəzli, heç bir məntiqə sığmayan, yalnız rayon rəhbərliyinin apardığı işlərə kölgə salmaq, onun nüfuzuna xələl gətirmək, qara yaxmaq kimi hallara rast gəlinir.
Fotonun Günel Mövlud tərəfindən paylaşıldığı bizə məlumdur və xalqımızın matəm içində olduğu bu günlərdə belə yüngül üsullarla, Azərbaycan qadınına yaraşmayan hərəkətlərlə gündəmə gəlmək istəyi tərəfimizdən təəssüf hissi ilə qarşılanır.
Bütün bunları xarici qrantlar hesabına yaşamağa öyrənmiş, ölkəmizdə olan sabitliyi hər cəhdlə pozmağa çalışan, respublikamızın bu günki iqtisadi inkişafını gözü götürməyən, qara yaxmağa öyrənmiş qüvvələrin işi hesab edir və belə halları qətiyyətlə pisləyirik.
Jurnalistika haqqında qanunun tələblərini pozaraq müvafiq araşdırma aparmadan, özlərinə sərf etdiyi kimi, yalnız reytinq qazanmaq xətrinə aparılan bu kimi müzakirələrə qətiyyətlə etiraz edir və bunlarla əlaqədar məhkəmə orqanlarına müraciət edəcəyimizi bildiririk".
Qeyd edək ki, dünən fotoların sosial şəbəkədə yayılmasından sonra İH anümayəndəsi açıqlama vermişdi. Daha sonra isə İH özü də məsələ ilə bağlı açıqlama yaymışdı.
ANS televiziyasının bu fotolarla bağladığı sujeti də təqdim edirik:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB