Həlak olan neftçilərin xatirəsi Astarada anıldı

Həlak olan neftçilərin xatirəsi Astarada anıldı

Dekabrın 8-də Astara rayonunun dənizkənarı park-bulvar ərazisinə toplaşan məktəblilər, müəllimlər, gənclər, rayon ictimaiyyətinin nümayəndələri 04 dekabr 2015-ci il tarixdə "Günəşli" yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş qəza zamanı həlak olan və itkin düşən neftçilərin xatirəsini böyük ehtiramla yad ediblər. SİA-nın Cənub bürosunun məlumatına görə, "Dənizə bir qərənfil ataq" adlı aksiyaya qoşulanlar göz yaşları içərisində neftçiləri anıb, onlara dualar ediblər. Aksiyaya minlərlə insan qoşulub. Onlar həm dənizə qərənfillər atıb, həm də sahilə güllər düzüblər. Peşəsindən, yaşından asılı olmayaraq insanlar bir-birinin dərdinə şərik çıxıb. Dənizdə itkin düşənlər arasında Astara rayonu Kakalos kənd sakini Tural Fətəli oğlu Babazadə də vardır. Astaralılar respublika ictimaiyyətinə üz vermiş faciəli hadisədən dərindən kədərləndiklərini bildirərək, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veriblər. Rayondakı məscidlərdə dənizdə baş verən hadisə ilə əlaqədar həlak olanların xatirəsinə dualar oxunub.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə