Azərbaycan xalqına həsr edilmiş ömür

Eldəniz SƏLİMOV, Milli Məclisin deputatı
Azərbaycan xalqına həsr edilmiş ömür

Dekabrın 12-si xalqımızın Ümummilli Lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış Ulu Öndər Heydər Əliyevin anım günüdür. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Ulu Öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasından 12 il ötsə də, O, bu gün də, gələcəkdə də Azərbaycan xalqının qəlbində yaşayacaq, yaşadılacaq. Çünki öz müqəddəs əməli sayəsində Vətəni, xalqı uğrunda yorulmadan çalışmış Dahi Şəxsiyyət, Fenomen İnsan Heydər Əliyev ömrünü dövlətçiliyin inkişafı, Azərbaycanın tərəqqisi üçün şam kimi əritdi. Onun bir amalı var idi - qurduğu mütərəqqi dövləti beynəlxalq aləmdə tanıtmaq, lider ölkələrdən birinə çevirmək. Və bu amal gerçəkliyə çevrilib. Çünki Ümummilli Lider Heydər Əliyev yolu bu gün Onun ən layiqli davamçısı, Prezident İlham Əliyev Cənabları tərəfindən uğurla davam etdirilir, yaşadılır. Çünki Heydər Əliyev ideyası əbədi və dönməzdir.

Müdrikliyin dühası

Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə çox böyük işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş Heydər Əliyev hər zaman iftixar hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Azərbaycanı canı qədər sevən, ürəyi daim xalqının səadəti, xoşbəxtliyi uğrunda döyünən, ölkəsini azad, müstəqil və inkişafda görmək istəyən, vətəninin, xalqının yolunda həyatını qurban verməyə hazır olan Heydər Əliyevin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir. Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən etibarən mənsub olduğu xalqın tükənməz yaradıcılıq enerjisinin, milli müstəqillik duyğularının reallaşmasına çalışan Ümummilli Lider Heydər Əliyev xalqımızı dünyanın ən inkişaf etmiş xalqları səviyyəsinə çatdırmaq üçün əlindən gələni əsirgəməmişdir. Heydər Əliyev 1969-cu ildə respublika rəhbərliyinə gələrkən sosial-iqtisadi böhran keçirən Azərbaycanı keçmiş İttifaqın ən qabaqcıl respublikalarından biri səviyyəsinə qaldırmışdır. Ümummilli Liderin Azərbaycanda siyasi hakimiyyətə gəlişini tarixi hadisə kimi qiymətləndirənlər öz qənaətlərində haqlıdırlar. Çünki rəhbər vəzifədə olduğu müddətdə respublikada köklü dəyişikliklər baş vermişdir. SSRİ dövründə hər bir tapşırığın Mərkəzdən verildiyi və idarə olunduğu bir vaxtda geridə qalan, çıxılmaz sosial-iqtisadi vəziyyətdə olan Azərbaycanda insanlar dirçəlişin olacağına şübhə ilə yanaşırdılar. Məhz Ulu Öndərin hakimiyyətə gəlişi xalqda böyük ruh yüksəkliyi yaratdı. Hakimiyyətdə olduğu illərdə respublikada yüzlərlə yeni müəssisə, istehsalat sahələri yaradılmış, iri elektron, elektrotexnika, radiotexnika, cihazqayırma sənayesi zavodları inşa edilmişdir. Heydər Əliyev ölkə rəhbərliyində yüksək vəzifədə çalışarkən öz iti zəkası, yüksək erudisiyası, siyasi uzaqgörənliyi, yorulmaz fəaliyyəti ilə daim diqqət mərkəzində idi.

Xilaskar missiyalı qayıdış

Ulu Öndərin ikinci dəfə siyasi hakimiyyətə gəlişi nəinki Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi. Xalq ən ağır günlərini yaşadığı bir zamanda sevimli oğlunu, dahi şəxsiyyət Heydər Əliyevi ölkəni idarə etməyə çağırdı. Bu təkidli çağırışın arxasında sonsuz xalq etimadı, millətin məhəbbəti və inamı dayanırdı. Lakin onun birinci hakimiyyəti dövründəki abad Azərbaycandan heç nə qalmamışdı. Ümummilli Liderin 1993-cü il iyunun 15-də Azərbaycanda siyasi hakimiyyətə xilaskar missiyalı qayıdışı xalqın milli dövlətçiliyinə və sabahkı gününə inamını özünə qaytardı, ölkə həyatının bütün sahələrinə nüfuz etmiş böhran aradan qaldırıldı, Qarabağ cəbhəsindəki uğursuzluqların qarşısı alındı, ictimai-siyasi sabitlik, milli-mənəvi həmrəylik və vətəndaş sülhü təmin edildi, ən başlıcası isə itirilməkdə olan dövlət müstəqilliyi qorunub saxlanıldı. Yaxın keçmişimizdə baş verən hadisələrə qiymət verməyi bacaran hər bir insan dərk edir ki, Heydər Əliyev qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa həyatını təhlükəyə atmaqla, ölümündən çəkinməyərək nail oldu. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ümummilli Liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində ölkəmiz müstəqilliyini itirmək, parçalanmaq, vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan neft müqaviləsinin imzalanması müstəqil Azərbaycan dövlətinin beynəlxalq arenada strateji mahiyyət kəsb edən möhtəşəm qələbəsi idi. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan bu ali sənəd Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və təmin olunmasında yeni mərhələ açdı. 1998-ci ildə şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv olundu. Heydər Əliyev üçün müstəqil Azərbaycan fəlsəfəsinin təməlində azadlıq, demokratiya, iqtisadi tərəqqi, sosial ədalət və rifah dururdu. Hakimiyyətin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Ümummilli Liderin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir. Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Dahi Şəxsiyyətin adı ilə bağlıdır. 1998-ci il oktyabrın 11-də Ulu Öndər yenidən yekdilliklə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu, Ümummilli Liderə olan sonsuz etimadı, məhəbbəti, inamı bir daha sübut edirdi. Heydər Əliyevin fəaliyyətinin 1993-2003-cü illəri bir ömrün qızıl salnaməsidir. Ulu Öndər həmin dövrdə Azərbaycanı yalnız parçalanmaqdan, dövlət çevrilişlərindən, özbaşınalıqlardan xilas etmədi, həm də xalqımıza yeni, firavan, ildən-ilə gözəlləşən bir həyat, müstəqilliyi daha da möhkəmləndirilmiş Azərbaycanı bəxş etdi.

Sevindirici haldır ki, Ulu Öndərimizin ölməz ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ötən müddət ərzində dövlətimizin başçısının yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. Zaman Heydər Əliyev siyasətinin alternativsizliyini və xalqın İlham Əliyevi dəstəkləməklə ən doğru addım atdığını göstərir. Bütün beynəlxalq təşkilatlar birmənalı şəkildə etiraf edirlər ki, Azərbaycanın inkişafı sürətlənib, ümumi daxili məhsul istehsalının artım tempinə görə dünyanın lider dövlətlərindən birinə çevrilib.

Bəli, bu gün Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədi yaşatmaq üçün Heydər Əliyev irsi, onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi xəzinədir. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Ümummilli Lider kimi onun adı Azərbaycan xalqının təxminən 40 illik bir dövrü əhatə edən tarixinin rəmzinə çevrilmişdir. "Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi" kimi qiymətləndirilən bu dövrdə ulu öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə etmiş, xoşbəxt gələcəyi üçün bütün təminatları yaratmış, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olmuşdur.

"Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" - deyən Heydər Əliyev həyatının mənasını yalnız xalqına xidmətdə görmüş, ömrünü onun xoş, firavan gələcəyinə həsr etməkdən şərəf duymuşdur. Heydər Əliyev xalqının parlaq və işıqlı gələcəyi naminə ardıcıl, məqsədyönlü mübarizə aparmış, arzuladıqlarına, istədiklərinə nail olmuşdur. Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycan onun layiqli davamçısı - dövlət başçısı, sevimli Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında bundan sonra daha da inkişaf edəcək, strateji hədəflərə uğurla çatacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə