Neftçilərimiz Rusiyada anıldı

"Dənizdə həlak olmuş neftçilərin xatirəsi yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən anılır". Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdilinin SİA-ya verdiyi məlumata görə, baş vermiş faciə Rusiyada yaşayan həmvətənlərimizi də yasa boğub.

Onun sözlərinə görə, dünən Moskvada yüzlərlə insan Azərbaycanın Rusiyadakı səfirliyinin binasına gələrək itkin neftçilərimizi qərənfillərlə anıblar: Əksəriyyəti ÜAK, AMİİF, ASGA üzvləri və Moskvada təhsil alan Azərbaycanlı tələbələrdən ibarət olan mərasim iştirakçıları səfirlik binası qarşısına qərənfillər qoyaraq itkin düşmüş neftçilərimizin xatirəsini gözyaşları və dualarla anıblar. Səfirliyin binası qarşısında şamlar yandırılıb. Aksiyada iştirak edənlər arasında digər millətlərin nümayəndələri də olub".

O bildirib ki, səfirliyin müşaviri Vüqar İmaməliyev, ÜAK-ın icraçı direktoru İlqar Hacıyev, gənc diaspor rəhbərləri Şamil Tağıyev və Toğrul Allahverdili çıxış edərək aksiya iştirakçılarına Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirdikləri üçün təşəkkür ediblər. Rusiya Azərbaycan Dostluq Mərkəzinin direktoru Natalya Krasovskaya Rusiya cəmiyyətinin də Azərbaycan xalqı ilə birlikdə kədərləndiyini bildirib. Natalya Krasovskaya bildirib: "Bir insan kimi böyük bir dövlət də acılı günlərdə özünü tək hiss etməməlidir, ona görə də bu gün biz burdayıq".

Bütün xəbərlər Facebook səhifəmizdə