Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyətlərdən olaraq milyonlarla insanın qəlbində əbədi yaşayır və yaşayacaq. Artıq bu faktor hər birimiz üçün bir aksiomaya çevrilmişdir. Belə ki, həyatının mənasını məhz xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərimiz bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə xatırlanır. Müstəqil Azərbaycanın, o cümlədən dünyanın siyasi nəhəngləri, dahi şəxsiyyətləri arasında böyük tarixi missiyanı yerinə yetirmək qüdrətinə malik olan Ümummilli Liderimizin atfığı hər bir tarixi addımında müstəsna yeri, əvəzsiz rolu var. Məhz bu baxımdan, xalqı və Vətəni qarşısında misilsiz xidmətlərinə və müstəsna tarixi roluna görə Heydər Əliyevi dünya miqyaslı siyasi nəhənglərlə müqayisə edirlər. Çünki o, Azərbaycan xalqının həqiqi lideri və xilaskarı kimi şərəfli missiyanı böyük əzmlə yerinə yetirmişdir. Bütün ömrünü Azərbaycanın tərəqqisinə sərf edən bu müdrik insan, fenomen şəxsiyyət tarixi kəlamlarının birində vurğulamışdı: "Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır...".
Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi illər ərzində respublikamızda böyük elmi, intellektual kadr, iqtisadi və enerji potensialı yaradılmasına nail olmuş, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur. Məhz buna görə Azərbaycan xalqı qazandığı müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə öz dahi Oğluna minnətdardır. Onun daha bir tarixi kəlamını xatırlayaq.
Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi Lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir
Belə ki, Hetdər Əliuev yenidən hakimiyyətə qayıtdığı zaman bunları demişdi: "Mənim həyatım xalqa məxsusdur və bundan sonra ömrümün qalan hissəsini də xalq üçün əsirgəməyəcəyəm. Həyatımın mənasını ancaq xalqa xidmət etməkdə görürəm. Mənim üçün ən böyük mükafat bundan sonra da xalqın etimadını doğrultmaqdan ibarətdir".
Təkcə bu kəlamları diqqətlə təhlil etdiyimizdə, bir neçə cümlədə Vətənə, xalqa, ölkəsinə, dövlətçiliyə olan bənzərsiz, müqəddəs sevginin şahidi oluruq. Bu ifadələr həqiqətən də özü-özülüyündə çox şeydən xəbər verir - Heyədr Əliyevin uca milləti və xalqı üçün canını əsirgəməməyi, bu yoldakı qətiyyəti, dönmləzliyi və əzmkarlığı!
O, Azərbaycan xalqının suverenlik arzusunu tarixi reallığa çevirmiş, böyük qurbanlar bahasına əldə olunmuş müstəqilliyi zamanın çətin sınaqlarından çıxararaq qoruyub saxlamışdır. Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi 34 il ərzində xalqımızın tərəqqisi naminə göstərdiyi xidmətləri saymaqla qurtaran deyil. Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi Lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və ola da bilməz.
Bu dahi insan Azərbaycanda hamının eyni dərəcədə inandığı bir ideologiyanın müəllifidir. O, bütün vətəndaşların hüquqlarını qoruya bilən dövlətin əsasını qoydu və yalnız hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaratdı. Bunun üçün ilk növbədə ictimai-siyasi sabitliyin bərqərar edilməsinə nail olmaq lazım idi. Ümummilli Liderimizin gərgin səyləri möhkəm sabitliyin yaradılmasına və Azərbaycanda normal siyasi münasibətlər sisteminin formalaşmasına gətirib çıxardı ki, bu da ümumilikdə dövlətin siyasi əsaslarının möhkəmləndirilməsinə səbəb oldu.
Milyonlarla insanın ümid çırağına çevrilərək qəlblərdə əbədi yurd salmaq heç də bütün rəhbərlərə, liderlərə nəsib olmur
XX əsrin sonu Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin formalaşması mərhələsidir. Bu mərhələnin şəriksiz Lideri unudulmaz şəxsiyyət Heydər Əliyevdir. Ümummilli Lider şəxsiyyət kimi zamanın yaddaşında bir də ona görə əbədilik qazanıb ki, tükənməz istedadını, zəngin təcrübəsini azad və müstəqil dövlət qurmağa sərf edib və hər şeydən əvvəl, xalqın xilaskarı olub.
Milyonlarla insanın ümid çırağına çevrilərək qəlblərdə əbədi yurd salmaq heç də bütün rəhbərlərə, liderlərə nəsib olmur. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyev ürəklərdə özünə əbədi abidə ucaldıb. Onun parlaq ideyaları hələ uzun illər boyu gələcəyə gedən yollarımızı işıqlandıracaqdır. Bütün mənalı ömrünü xalqa həsr edən bu nurlu şəxsiyyətə bəslənilən sevgi sonsuzdur. Qədirbilən xalqımız onun xidmətlərini heç vaxt unutmayacaq, parlaq ideyalarını öz yolunda mayaka çevirəcəkdir.
Heydər Əliyev dünyanın nadir insanlarındandır. O, hamının qəlbinə yol tapmağı bacarır, yaddaşlarda dərin iz qoyurdu. Təkrarsız, heyrətamiz yaddaşa malik Heydər Əliyev əsl rəhbərə xas olan ensiklopedik biliyə malik idi. Geniş və zəngin fəaliyyəti onu milli maraqlar çərçivəsinə sığmayan, bəşəri dəyərlərin əxz olunmasında fəal iştirak edən böyük bir siyasətçiyə, dahi bir şəxsiyyətə çevirmişdi. Yalnız Azərbaycanda deyil, bütün dünyada bu görkəmli dövlət xadiminə, əsrimizin siyasi həyatında mühüm yer tutmuş, ən yüksək vəzifələrin məsuliyyətini daşımış insana dərin hörmət və ehtiram bəslənilib.
Ümummilli Liderimizin xalqın birliyi yolunda göstərdiyi titanik fəaliyyəti hər bir soydaşımız üçün örnək olmalıdır. Biz Azərbaycanı sevməyi Heydər Əliyevdən öyrənmişik. "Azərbaycan mənim ürəyimdir, nəfəsimdir"-deyən Böyük Öndərimiz millətimizin və dövlətimizin əbədiyaşarlığı üçün əvəzsiz bir siyasi xətt, ideoloji baza miras qoydu.
Həyatımızın elə bir sahəsi yoxdur ki, orada Ümummilli Liderimizin izi olmasın
Heydər Əliyevin həyat və fəaliyyəti böyük bir məktəbdir və daim öyrənilməlidir. Şükürlər olsun ki, Ulu Rəbbimiz xalqımıza Heydər Əliyev dühası kimi böyük şəxsiyyət qismət edib. Bu böyük şəxsiyyət həmişə xalqa arxalanır və deyirdi: "Xalq mənim dayağım, gücüm və inamımdır". Xalq yolunda canını fəda etmiş, bütün həyatı boyu Vətənini və millətini düşünmüş Ümummilli Liderimizin ideyaları daim yaşayacaq. Azərbaycan xalqı, bütün türk dünyası onu heç vaxt unutmayacaq. Bütün ömrünü xalqımızın tərəqqisinə və firavanlığına həsr etmiş ulu öndərin həyat və fəaliyyəti bizim üçün güc mənbəyidir. Həyatımızın elə bir sahəsi yoxdur ki, orada Ümummilli Liderimizin izi olmasın. Bugünkü Azərbaycanın sürətli inkişafının təməl daşları da məhz Heydər Əliyevin qüdrətli əlləri ilə hörülüb.
Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəri olmaqla yanaşı, həm də müstəqilllik əbədiyyətidir. Müstəqilliyimizin əbədiliyinin əkldə edilməsi məhz Onun müdrik siyasətinin bariz nəticəsidir. Heydər Əliyev Azərbaycan xalqına son müraciətində ölkədə rəhbərlik etdiyi illərdə bir azərbaycanlı, vətəndaş və rəhbər kimi yeganə amalının varlığı qədər sevdiyi Azərbaycan xalqına, dövlətinə, ölkənin iqtisadi-siyasi, mənəvi inkişafına xidmət etməkdən ibarət olduğunu söylədi. O bu yolda bütün gücünü, iradəsini yalnız müdrik və qədirbilən xalqından almışdı. Ən çətin vəziyyətlərdə bu inam və xalqına arxalanmaq Heydər Əliyevə dözüm, iradə verib, bütün uğurlarını təmin edib. Elə "Xalq-Heydər, Heydər-Xalq" birliyi də belə yaranıb.
Ümummilli Liderimizin bizə ərmağan qoyub getdiyi zəngin irsi bu gün də, sabah da öyrənilməli, onun əsas mahiyyəti dərk edilməlidir. Bu zəngin irs müstəqil Azərbaycan dövlətinin sütunudur. Məhz bu qüdrətli sütunlar üzərində ucalan müasir Azərbaycan güclü ola bilib. İctimai həyatımızın elə bir sahəsini tapmaq mümkün deyil ki, orada Heydər Əliyevin hərarəti duyulmasın.
Ümummilli Liderimizin siyasi kursu bu gün Onun layiqli siyasi varisi, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir
Ulu Öndərimizin hələ uzun illər əvvəl uzaqgörənliklə müəyyənləşdirdiyi, konseptual əsaslarını yaratdığı xarici və daxili siyasət kursu, milli neft strategiyası bu gün öz möhtəşəm bəhrlərini verir. "Əsrin müqaviləsi" çərçivəsində reallaşan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələri Heydər Əliyevin milli neft strategiyasının təntənəsi, Azərbaycanın xoşbəxt gələcəyinin möhkəm bazası və möcüzəli açarıdır. İndiyədək əldə etdiyimiz bütün bu möhtəşəm nailiyyətlərin təməlində Ümummilli Liderimiz, dünya səviyyəli siyasətçi, dövlət xadimi Heydər Əliyevin Azərbaycanın nəinki bugünkü, hətta bir neçə əsr bundan sonrakı inkişafını da təmin etməyə qadir olan siyasi kursu, milli konsepsiyaları dayanır. Çoxəsrlik dövlətçilik tariximizdə müstəsna yeri olan Heydər Əliyev özünün zəngin siyasi fəaliyyəti sayəsində ölkəmizin hərtərəfli inkişafı prosesinə təkan verərək, onu daimi yüksəliş yoluna çıxarıb. Ulu Öndərimiz hakimiyyətdə olduğu bütün dövrlərdə-1970-80-ci illərdə, həm də müstəqillik dövründə Azərbaycanın və xalqımızın hərtərəfli inkişafında çox mühüm rol oynayıb. Bu dahi şəxsiyyətin müəyyənləşdirdiyi müdrik siyasi kurs bu gün də, gələcəkdə də dəyişməz olaraq qalacaqdır. Çünki bu siyasət Azərbaycana daim uğur, xoşbəxtlik gətirir. Ulu Öndərimizin siyasəti yaşayır, möhkəmlənir və zənginləşir.
Xalqımız xoşbəxtdir ki, Ümummilli Liderimizin siyasi kursu bu gün Onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İndi Azərbaycan iqtisadi inkişaf tempinə görə öndədir. Dünyada əhəmiyyətli regional layihələrin təşəbbüskarı və iştirakçısıdır. Əminik ki, Ulu Öndərimizin bütün arzuları çin olacaq və Azərbaycan dünyanın ən qüdrətli dövlətləri arasında özünə layiq yüksəkliyə ucalacaqdır!
MALİK HƏSƏNOV,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB