"Formula 1"lə bağlı bu küçələr təmir olunur

"Formula 1"lə bağlı bu küçələr təmir olunur

Məlum olduğu kimi, Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası (Baku City Circuit) gələn il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini həyata keçirir. Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirilir. Bakı Şəhər Halqasından SİA-ya verilən xəbərə görə, dekabr ayının 7-dən etibarən Puşkin küçəsinin Üzeyir Hacibəyov və Xaqani küçələrinin kəsişmələri arasında yol asfalt örtüyünün təmirinə bağlanıb.

Bundan əlavə, Bül-bül prospekti qismən təmirdədir, lakin avtomobillərin hərəkəti tam məhdudlaşdırılmayıb. Qeyd olunan təmir işlərinin bitmə tarixi dəqiq məlum deyil.

Xaqani küçəsinin Rəşid Behbudov və Azadlıq prospekti ilə kəsişmələrində dekabr ayının 2-dən başlayan təmir işləri artıq başa çatıb.

Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir və qran pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə