Gənclərin sahibkar olmasına kömək ediləcək

Gənclərin sahibkar olmasına kömək ediləcək

Azərbaycan Tələbələr Birliyi (ATB) yeni proqramın icrasına başlayıb. SİA-nın xəbərinə görə, proqramın əsas fəaliyyət istiqamətləri əhalimizin böyük bir hissəsini təşkil edən gənclər arasında sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, sahibkarlıqla məşğul olmağa qərar verən gəncləri hədəfləyən dəstək proqramları həyata keçirmək, bu sahədə müxtəlif maarifləndirici tədbirləri və görüşləri təşkil etməkdən ibarətdir. ATB universitetlərdə gəncləri sahibkarlıq fəaliyyətinə stimullaşdıracaq və bu fəaliyyəti dəstəkləyəcək biznes inkubatorların yaradılmasını vacib hesab edir. Beləki, gənclər universitet illərində risk almağa, fərqli və yeni şeylər öyrənməyə, ən önəmli isə ilham alaraq bir şeyləri etməyə daha çox meyilli olurlar. Birlik proqramın icrası məqsədilə müxtəlif şirkətlərlə əməkdaşlığa önəm verir. ATB proqram çərçivəsində ilk əməkdaşlıq memorandumunu "AlGetsin.com" elektron ticarət platforması ilə bağlamışdır. Beləki, əməkdaşlıq memorandumu gənclər arasında onlayn ticarətin stimullaşdırılması, bu sahədə imkanlar və perspektivlərin gənclərə çatdırılması, gənclərin onlayn sahibkarlıq fəaliyyətinə kömək edilməsini özündə ehtiva edir.

Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov əməkdaşlıq memorandumu barədə bir neçə məqamı vurğulamışdır: "Biz "AlGetsin.com" kimi yeni fəaliyyətə başlayan şirkətlərlə əməkdaşlıqda maraqlıyıq. Çünki, gənclərə nümunə olaraq göstərmək istəyirik ki, gənclər də bu kimi təşəbbüslərlə çıxış edib, öz işlərini qura bilərlər. Bu həm də ölkə iqtisadiyyatının inkişafına kiçik də olsa bir yardım deməkdir. Ona görə də biz "AlGetsin.com" şirkəti ilə müxtəlif tədbirlərin təşkilini nəzərdə tuturuq ki, o tədbirlərdə də sahibkarlığın sirrləri, müasir dünyada necə öz biznesini qurmaq olar kimi məsələlərə toxunacağıq və bu sahədə müxtəlif ekspertlərin gənclərlə görüşünü təşkil edəcəyik. Gənclər, həmçinin, bilməlidirlər ki, cənab Prezident İlham Əliyevin son dövrlərdə sahibkarlığın inkişafına kömək məqsədilə verdiyi fərmanlar, sahibkarlıq subyektlərinin yoxlamalarının qarşısını alan, yersiz büroktatik əngəlləri ortadan qaldırmaqla bağlı verdiyi qərarlar onlara bir motivasiya olmalıdır. Gənclər yaradılan şəraitdən maksimum yararlanmalıdırlar."

"AlGetsin.com" elektron ticarət platformasının icraçı direktoru Elnur Əhmədov da imzalanan əməkdaşlıq memorandumu ilə bağlı öz fikirlərini bildirmişdir: "Azərbaycan Tələbələr Birliyi ilə əməkdaşlıq bizim üçün çox önəmlidir. Çünki, biz onlayn ticarətdə əsas hədəf qrupunun gənclər, gənclərin içərisində də

dinamik qrupu olaraq tələbələri seçmişik. Bu mənada Azərbaycan Tələbələr Birliyi ilə edəcəyimiz işlər bir komanda olaraq bizi indidən həyəcanlandırır. Düşünürəm ki, qısa zamanda biz gənclərə yönəlik uğurlu işlər ortaya qoya biləcəyik."

Azərbaycan Tələbələr Birliyi yaradılan proqram çərçivəsində digər bir neçə şirkətlə əməkdaşlıq memorandumunun imzalanacağını bildirir.

Bütün xəbərlər Facebook səhifəmizdə