Bahar Muradova: "Dövlət vətəndaşların yanındadır"

Bahar Muradova: "Dövlət vətəndaşların yanındadır"

"Deputatlarımızdan xahiş edirəm ki, yeni hazırlanan "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsini yalnız Nardaranda baş verən hadisə ilə əlaqələndirməsinlər". SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında vitse-spiker Bahar Muradova deyib.

O, həmkarlarını din pərdəsi altında dünyada həyata keçirilən çirkin əməllərə də diqqət yönəltməyə çağırıb: "Avropada da terror hadisələri baş verir. Bunu açıq şəkildə dinlə əlaqələndirilər. Burada əsas məsələ din deyil, siyasətdir".

B.Muradova vurğulayıb ki, Nardaranda baş verən hadisələr hər kəsi narahat edir: "Məsələyə daha geniş və qlobal baxmalıyıq. "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsi özündə günün tələblərini əks etdirir. Bəzi dövlətlər Azərbaycanda insanları din pərdəsi altında və ya başqa yolla şirnikləndirirlər və öz ideyalarını həyata keçirmək istəyirlər. Azərbaycan vətəndaşları öz dini inanclarını yerinə yetirərkən, fikirləşməlidirlər ki, Azərbaycan dünyəvi dövlətdir. Din mədəniyyətimizin bir hissəsidir. Dövlət vətəndaşlarının yanındadır və onları bundan sonra bu qanunla daha yaxşı qoruya biləcək. Çalışırıq ki, insanları dini ektremizmə yuvarlanmaqdan xilas edək".

Bütün xəbərlər Facebook səhifəmizdə