"Kaspi” liseyində yığılan tullantılar “Təmiz Şəhər”ə veriləcək

"Kaspi” liseyində yığılan tullantılar “Təmiz Şəhər”ə veriləcək

"Təmiz Şəhər" ASC və "Kaspi" liseyi təkrar emal sahəsində əməkdaşlığa başlayıb. SİA-nın xəbərinə görə, "Təmiz Şəhər" ASC-nin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, liseyin müxtəlif filiallarında toplanan kağız, şüşə və ya plastik butulkalar yenidən emal edilməsi üçün "Təmiz Şəhər"ə təhvil veriləcək.

Dekabrın 3-də "Kaspi"də tərəflərin iştirakı ilə layihəyə start verildi və media üçün təqdimat keçirilib.

Razılaşmaya əsasən, liseydə əşyalardan maksimum dərəcədə qənaətlə istifadə ediləcək, materiallar çapa verilərkən, mümkün qədər vərəqlərin hər iki üzündən istifadə olunacaq. İstifadə olunmuş, lazımsız maklatura və lazımsız plastik və şüşə materiallar digər tullantılarla eyni qablara yox, "Təmiz Şəhər" ASC-in burada yerləşdirdiyi ayrıca konteynerlərə atılacaq.

Cəmiyyət isə həmin qutular dolduqca daşıyaraq təkrar emal üçün Balaxanıda yerləşən "Təmiz Şəhər"in tullantı zavodlarına aparacaq.
Layihənin məqsədi yaşıllıqların qorunması, ağacların kəsilməsinin miqdarını azaltmaq, ətraf mühitin mühafizəsinə dəstək olmaqdır.

Çünki, 1 ton kağız hazırlanması üçün təxminən 17 ədəd ağac kəsilir. Bu layihə liseyin bütün filiallarında kağız istifadəsini azaldılacaq, əməkdaşları vərəqlərdən faydalı istifadəyə təşviq ediləcək, yenidən istifadə mədəniyyəti təbliğ olunacaq və lazımsız materiallar təkrar emala qazandırılacaq.

Təqdimatdan sonra liseydə qoyulmuş qutulara layihə çərçivəsində yığılmış ilk lazımsız tullantılar atılıb.

"Təmiz Şəhər" ASC müxtəlif təhsil müəssisələri, dövlət qurumları və özəl şirkətlərlə oxşar layihələr həyata keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə