Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Latviya Respublikasının rifah naziri Uldis Augulisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub. SİA-nın verdiyi xəbərə görə, çıxış edən Əmək və Əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Latviya ilə Azərbaycan arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin dostluq münasibətləri əsasında daim inkişaf etdiyini, Latviya nümayəndə heyətinin bu səfərinin əmək və sosial müdafiə sahəsində də əməkdaşlığın inkişafı üçün imkan yaratdığını bildirib.
Nazir qeyd edib ki, Azərbaycanda məşğulluq imkanlarının artması, yaşayış səviyyəsinin yüksəlməsi son 10 il ərzində ölkəmizə daimi yaşamaq üçün gələnlərin sayının daimi yaşamaq üçün başqa ölkələrə gedənlərin sayını xeyli üstələməsinə səbəb olub: "Ötən il dövlət büdcəsindən sosialyönümlü xərclərə 9,9 faiz, o cümlədən sosial müdafiə və sosial təminat xərcləri üçün 12,6 faiz çox vəsait ayrılıb. Gələn ilki dövlət büdcəsi də sosialyönümlü büdcədir, onun 36,1 faizi sosial məqsədlər üçündür".
Latviya ilə əlaqələrə toxunan nazir Səlim Müslümov bildirib ki, ötən il Azərbaycandan 116 nəfər əmək qabiliyyətini itirmiş insan dövlət hesabına Latviyanın reabilitasiya mərkəzlərinə göndərilmişdir.
U. Augulis ölkəsinin daim inkişaf edən Azərbaycanla bütün sahələrdə əməkdaşlıq əlaqələrinin genişlənməsində maraqlı olduğunu və bunun üçün səylərin göstərildiyini vurğulayaraq ölkəsinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahələrində təcrübəsi barədə məlumat verib.
Daha sonra hər iki nazirliyin nümayəndə heyətləri arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi ilə bağlı geniş müzakirələr aparılıb. Müzakirələrin nəticəsi olaraq, nazirlər "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Latviya Respublikasının Rifah Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında Memorandum"u imzalayıblar.
Tədbirin sonunda mətbuat üçün brifinq keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB