Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Göygöl rayonunda 1 ədəd, Gədəbəy rayonunda 2 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin istifadəsinə verilib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, yeni evlərin təqdim olunması zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamının uğurlu icrası istiqamətində məqsədyönlü işlərin aparıldığını vurğulayıb. Nazir müavini bildirib ki, bu ilin ötən dövründə Bakıda və respublikanın ayrı-ayrı rayon və şəhərlərində artıq 180-ə yaxın mənzil müharibə əlillərinin və şəhid ailələrinə istifadəsinə verilib. İstifadəyə verilən mənzillərdə ailələrin normal yaşayışı üçün hər bir şərait yaradılıb. Hazırda bu təbəqələrdən olan vətəndaşlar üçün bölgələrdə fərdi yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi, həmçinin hazır yaşayış binalarından tender yolu ilə mənzillərin alınaraq təmir etdirilməsi işləri davam etdirilir.
Qeyd olunan rayonların İcra Hakimiyyətlərinin, əlil ictimai təşkilatlarının və yerli ictimaiyyətin nümayəndələri Prezident cənab İlham Əliyevin sosial sahəyə diqqət və qayğısından bəhs ediblər. Bildirilib ki, dövlət başçısının həyata keçirdiyi uğurlu siyasətin mərkəzində məhz ölkə vətəndaşının rifah halının yüksəldilməsi prinsipi dayanır. Bunun nəticəsidir ki, dünya miqyasında iqtisadi inkişaf baxımından ən sürətli inkişaf tempinə malik Azərbaycanda eyni zamanda güclü sosial siyasət aparılır, mühüm sosial proqramlar icra olunur. Ölkədə müharibə əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına xidmət edən tədbirlər də ilbəil daha geniş vüsətlə davam etdirilir.
Yeni fərdi yaşayış evlərinin sahibləri olan müharibə əlilləri və şəhid ailələri ürək sözlərini bildirərək, hər bir sahədə daim Prezident qayğısını hiss etdiklərini vurğulayıblar. Onlar müharibə əlilləri və şəhid ailələrinin maddi təminatlarının gücləndirilməsi, həyat şəraitlərinin yaxşılaşdırılması məqsədilə aparılan işlərdən razılıqlarını bildirib, bütün bu işlərə və yeni mənzillərlə təmin olunduqlarına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB